×
A
A
A
Sazlamalar

Nizami yaradıcılığı - təbiətşünaslar və kimyaçılar üçün dəyərli mənbə

Bakı, 25 mart, AZƏRTAC

Görkəmli Azərbaycan şairi, mütəfəkkir filosof Nizami Gəncəvinin ölməz poemaları - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyla və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” böyük zəhmətin, tükənməz istedadın məhsulu kimi dərin sosial-fəlsəfi mənasına, elmi hikmətinə, nəcib hisslər ifadə etməsinə, yüksək bədii keyfiyyətlərinə görə dünya xalqlarının mənəvi-əxlaqi cəhətdən faydalandığı ədəbi xəzinədir.
Dərin elmi və fəlsəfi biliklərə malik olan Nizami bədii yaradıcılıqla yanaşı, təbabət, kimya, astronomiya, riyaziyyat və başqa elmlərlə də yaxından maraqlanıb, bu sahədə qazandığı zəngin bilikləri əsərlərində bacarıqla istifadə edib. Nizami yaradıcılığı təkcə ədəbiyyatşünaslar, filosoflar, tarixçilər üçün deyil, təbiət elmləri mütəxəssisləri, o cümlədən kimyaçılar üçün də tükənməz tədqiqat mənbəyidir.
AZƏRTAC bununla bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Əli Zalovun qeydlərini təqdim edir.
Nizami poemalarında XII əsrdə mövcud elmi anlayışlardan dönə-dönə istifadə edib. O, zərərli kimyəvi maddələrin canlı orqanizmlərin həyatı üçün təhlükəli olduğunu bildirir.
Kükürd cəhənnəmidir bu zülmət çöl əzəldən,
Xoşbəxt o kimsədir ki, tez ayrıla bu çöldən,
Ağzının suyu axır, nəfsin cəhd elə sönsün,
At kükürd ocağına, od tutsun, külə dönsün.
Nizaminin heç nə bitirməyən “zülmət çölü”nü “kükürd cəhənnəmi”nə bənzətməsi təsadüfi deyil. “Nəfsini söndürmək üçün kükürd ocağına at ki, külə dönsün” ifadəsi ilə şair göstərir ki, onun kimya elmi və zərərli maddələr haqqında mükəmməl biliyi var imiş.
Atmosferin, torpağın və suyun çirklənməsi çağdaş dövrün ən mühüm ekoloji problemlərindən biridir. Erkən orta əsrlərdə belə bir problemin mövcudluğu ağla sığmasa da, Nizami öz əsərlərində həmin məsələlərin nə qədər ciddi olduğunu göstərib:
Deyərdin bu yerlər iki hissəydi:
Torpağı gümüşdü, suyu cövhərdi.
Nə gümüş üstündə dincəlmək olar,
Nə civə su kimi içməyə yarar.
O yer tutulmuşdu belə bir dərdə,
Çökmüşdü torpağa qara bir pərdə,
Harda ki, içməli bir çeşmə vardı,
İçində su ilə civə qaynardı.
Nizami ətraf mühitin problemlərini özünəməxsus ustalıqla verə bilib, torpağın və suyun çirklənməsini xeyli dərəcədə qabarıq təsvir edib. İlk baxışda “torpağı gümüş”, “suyu cövhər” görünən bir ərazinin “dərdə tutulduğunu” vurğulayan şair torpağa qara pərdənin çökdüyünü, harada içməli çeşmə varsa, içində su ilə civənin qaynadığını göstərir. Çox güman ki, Nizaminin adını çəkdiyi civə də, gümüş də saf halda deyil, birləşmələr şəklindədir. Hər iki maddə mutagen təbiətlidir, yəni konserogendir. Ona görə də belə maddələrlə çirklənmiş torpaq və ya sudan istifadə arzuolunmaz fəsadlarla nəticələnə bilər.
Çeşmələr bulanıb qaynaşan zaman,
Heç kimsə əyilib içməzdi ondan.
Bilməyib içsəydi bir adam əgər,
Onu öldürərdi sudakı zəhər.
Canlı aləmin yaşaması və normal inkişafından ötrü sağlam mühitin, o cümlədən atmosfer havasının təmiz olması zəruri şərtdir. Bu isə yaşıl bitkilərin istehsal etdiyi oksigenin hesabına mümkündür. Fotosintez prosesi nəticəsində yaşıl bitkilərin hasil etdiyi oksigen bütün canlıların yaşayışını təmin edir. Müasir ekologiyanın başlıca problemlərindən birinə çevrilən həmin məsələ Nizami Gəncəvinin düşüncələrində öz əksini tapmışdır:
Bir yerdə göyərti bitməsə əgər,
Orda canlı məxluq necə ömür edər?
Yer üzərində həyatın mümkünlüyünü təmin edən fotosintez prosesi rus alimi K.A.Timiryazev tərəfindən XIX əsrdə öyrənilsə də, ondan yeddi əsr qabaq fotosintezin mahiyyəti və əhəmiyyəti barədə Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi düşündürücü və maraqlı fikirlər söyləyib. Həyatın yaranması haqqında həm elmə qədərki təsəvvürlər, həm də elmi nəzəriyyələr və təcrübələrdən xeyli əvvəl dahi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında biz bu prosesin necə baş verdiyini görürük. Belə ki, Nizami “İqbalnamə”də antik dünya filosoflarını “bir yerə cəm edərək” söhbətlər əsasında onların ortaq fikirlərini üzə çıxarır və haqlı olaraq belə qənaətə gəlir ki, ilk canlı, yəni həyat suda mövcud olub və quru mühitə keçid sonradan baş verib.
Akademik Oparinə görə, həyat qeyri-üzvi materiyadan əmələ gəlmiş və bu, üç mərhələdə baş vermişdir: qeyri-üzvi molekullardan üzvi molekulların abiogen sintezi, maddələrin qatılaşması və molekulların abiogen sintezi prosesi. Sonralar kimyaçı Müller bu fərziyyəni təcrübədə sübut etmişdir. Deməli, Nizaminin həyatın necə əmələ gəlməsi haqqında gəldiyi qənaət 800 il sonra öz elmi həllini Oparinin nəzəriyyəsi şəklində tapmışdır.
Torpağın ekoloji əhəmiyyəti onun əkinə yararlığı ilə müəyyən olunur. Torpağın münbitlik dərəcəsi onun tərkibindəki humus maddəsinin miqdarından asılıdır. Çürüntülü torpaqlar humusla zəngin olduğu üçün burda bitən bitkilərin çeşidi və məhsuldarlığı da yüksək olur. Kifayət qədər münbit olmayan torpaqların məhsuldarlığı aşağı olur. Üzvi və qeyri-üzvi maddələrlə zəngin olan torpaqlarda əkilən bitkilər normal inkişaf edir. Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında yazır:
Ağac əkən zaman elə yerdə ək
Ki yəqin biləsən o bar verəcək.
...Ağac əkilməli münbit bir yerə
Ta behişt bağı tək meyvələr verə.
Nizami poeziyasında ən çox xatırlanan və bənzətmə üçün qızıl anlayışından istifadə edilir. Şair qarışıqdan saf qızılın alınması barədə məlumata malik imiş:
Kimyagərdir bu kürəsi yanar,
Dəmiri ataraq saf qızıl olar.
Alovdan qızıldan qurmuş bir iksir,
Öz ətəklərinə saf qızıl səpir.
Saf mədən qızılı, civə, gümüşü,
Mehtabı işıqdan salır görüşü.
XII əsrə qədər 10 kimyəvi element: qızıl, gümüş, civə, qalay, qurğuşun, mis, sink, kükürd, karbon, dəmir məlum idi. O dövrün metallurgiyası da bu elementlərin əsasında yaranmış və inkişaf etmişdi. Nizami məlum olan kimyəvi elementlərin birləşmələri, onların mühüm xassələri, alınma üsulları və tətbiqi haqqında ətraflı məlumat verib, poemalarındakı əhvalat və hadisələrin poetik şərhində bədii vasitə kimi onlardan ustalıqla istifadə edib. Məlumdur ki, mis, qızıl və gümüş saf halda plastik və yumşaqdır. Lakin onların xəlitələri mexaniki təsirlərə, korroziyaya qarşı davamlılığı və bərkliyi ilə fərqlənir. Xüsusi məqsədlər üçün qızılın mislə, gümüşlə əmələ gətirdiyi müxtəlif ərintilərdən istifadə olunur.
Misin qızıl və gümüşlə xəlitələri bəzək məmulatı, cihazlar və başqa qiymətli məhsulların istehsalı üçün əvəzedilməz xammaldır. Bu üç metalın xəlitəsinin alınması, xassələri və tətbiqi haqqında Nizami dövründə də məlumat var imiş. Qızıl məmulatların xalis olmamasını şairin bu beytindən aydın görmək olar:
Bədənin gəlmişsə də vücuda ətlə qandan,
Qorxma, bütün qızıllar xalis deyil heç zaman.
Qızılın mühüm xassələrindən biri onun civədə həll olmasıdır. Əmələ gələn qarışığa müasir kimya elmində amalqama deyilir. Tarixi məlumatlara görə hələ e.ə VI əsrdən başlayaraq insanlar qızıl və gümüşü filizlərdən amalqama şəklində ayırmışlar.
Qızıl toz halına gələrsə əgər,
Civə ilə onları cəm edər zərgər.
Dağınıq qızılı mahir sənətkar,
Madam ki, civə ilə bir yerdə yığar.
Bizim də əzamız dağılsa bir gün,
Onda can vermək, mümkündür mümkün.
Qızıl bir neçə metallarla ərintilər əmələ gətirir. Lakin onun gümüşlə ərintisini qədim zamanlardan daha yüksək qiymətləndirilir.
Qızıla mis qatsan nə faydası?
Qızılı gümüşlə əritmək olar.
Bədii yaradıcılıqda sözün əhəmiyyətindən bəhs edən şair saf qızılı məcazi mənada söz sərraflarının meyarı hesab edir.
Sözün sərrafıyam sən ki, bilirsən,
Təzəni köhnədən tez seçənəm mən.
Qüdrətin böyükdür ona-on yarat.
Onda-beş verməyi birdəfəlik at.
Burada “ona-on” saf qızıl (100%), “onda-beş” isə qarışıq (50%) qızıl mənasındadır. Yəni şairin fikrincə, gərək yazdıqların saf qızıl kimi bakir və qiymətli olsun.
Nizami “İsgəndərnamə” poemasında bərklik və möhkəmlik rəmzi olan dəmirə daha çox poetik rəng vermişdi. İlk dəfə dəmir işlətməklə güzgü düzəltməyi məhz İsgəndər kəşf etmişdi. Doğrudur, İsgəndərə qədər dəfələrlə güzgü düzəltmək üçün təşəbbüs göstərilsə də, bu müvəffəqiyyətlə nəticələnməmişdi. Lakin İsgəndər dəmir lövhəni cilalamaqla əksi bütöv halda göstərən güzgü hazırlaya bilmişdi.
Keçmişdə güzgüdən yox idi əsər,
Güzgünü yaratdı böyük İsgəndər.
Nizami dəmir və poladla əlaqədar əvəzsiz poetik bənzətmələr yaratmışdır:
Ürəyim almazdır, vücudum dəmir,
Bu almaz, bu dəmir mənim üçün nədir?
Güzgüdə xam gümüş kimi parladı,
Başında poladdan dəbilqə vardı.
Nizami dəmirin müvafiq minerallardan alındığını bilərək, bunu poetik şəkildə belə ifadə edir:
Əlinə keçirir daş qumdan açar,
Daş, qumdan çox zaman dəmir də çıxar.
Dəmirin xassələrini yaxşı bilən Nizami onlardan poetik bənzətmə üçün “İqbalnamə” poemasında bacarıqla istifadə edib. Bəzən civə ilə işləyənlər gəzdirdikləri qızıl məmulatların xarab olmasından şikayətlənirdilər. Civə qızılla asanlıqla birləşib amalqama əmələ gətirdiyindən qızılın səthi tutqunlaşır. Kimyadan məlumatı olmayanlar belə halda qızılın qəlp çıxması haqqında gileylənirlər. Lakin üzəri civə ilə örtülmüş qızıl məmulatları yun və ya mahud parça ilə sürtüldükdə civə amalqaması onun səthindən gedir və qızılın əvvəlki parlaqlığı bərpa olunurdu. Nizami məşhur “Sirlər xəzinəsi” poemasında zərgərlik haqqında maraqlı fikir söyləyərək öz qəhrəmanına xitabla “şir kimi olmağı”, çətinliklərdən “qorxmamağı”, qızıl və yaqut kimi cəhənnəmin odu ilə “yanaraq” haldan hala düşüb “nalə etməməyi” lazım bilir. Bu cəhətdən poemanın “zirəklik haqqında” başlığı altında verilmiş şeir parçasından götürülmüş aşağıdakı misralar maraqlıdır:
Şir kimi ol, bir mətbəx pişiyindən qorxma sən,
Cəhənnəm odundan qorxma təki ol mükəmməl.
Razısan əgər, qoy salsın bu səni haldan hala,
Qızıl və yaqut kimi sən ondan eylə nalə.
Böyük fərəh hissi ilə deməliyik ki, Nizami yaradıcılığı təbiətşünaslar və kimyaçılar, habelə kimya tarixi ilə məşğul olan mütəxəssislər üçün orta əsrlərdə Azərbaycanın metallurgiyasını, tətbiqi və təbabət kimyasını öyrənmək baxımından çox dəyərli mənbədir.

 

Elm və təhsil 2023-03-25 15:34:00