×
A
A
A
Sazlamalar

Yəməndə 9 mindən çox ailə daşqından zərər çəkib

Bakı, 25 mart, AZƏRTAC

Yəmən hökuməti 9 mindən çox köçkün ailənin Mərib şəhərində güclü yağış və daşqınlardan zərər çəkdiyini bildirib.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Yəmən hökumətinin Köçkün Düşərgələri İdarəsinin dərc etdiyi hesabatda, Mərib şəhərində son 10 gündə güclü yağış və daşqınlardan zərərçəkən köçkün ailələri haqqında məlumat verilib. Hesabata görə, Məribdə 9120 ailə daşqından zərər görüb. Onlardan 273 ailə tamamilə, qalanları isə qismən zərər çəkib. Köçkün Düşərgələri İdarəsi daşqınlardan zərərçəkən ailələrin sığınacaq və ərzaq ehtiyaclarını ödəmək üçün BMT-ni, beynəlxalq və yerli yardım təşkilatlarını təcili köməyə çağırıb.
Yəmən hökumətinin açıqladığı məlumatda ölkədəki vətəndaş müharibəsi səbəbindən Məribdə 2 milyondan çox köçkünün çətin şəraitdə yaşadığı bildirilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə, vətəndaş müharibəsi səbəbindən Yəmən xalqının 73 faizinin (təxminən 23,4 milyon) humanitar yardıma ehtiyacı var. Bundan başqa, 4,3 milyon nəfər didərgin düşüb.

Dünya 2023-03-25 06:26:00