×
A
A
A
Sazlamalar

Yunan-Roma güləşçilərimiz Avropa çempionatına Gürcüstanda hazırlaşırlar

Bakı, 25 mart, AZƏRTAC

Yunan-Roma güləşi üzrə millimiz bu il ikinci dəfə ölkə xaricində təlim-məşq toplanışı keçir. Fevralda Xorvatiyada hazırlıq prosesində iştirak edən yığmamız bu dəfə qonşu ölkəyə yollanıb. Gürcüstanın kurort bölgəsi olan Bakurianidə yerli komanda ilə birgə keçirilən təlim-məşq toplanışında millimizin 15 üzvü iştirak edir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyayev, Zamir Maqomedov (hamısı 97 kq), Sabah Şəriəti və Beka Kandelakidən (hər ikisi 130 kq) ibarət heyət dəniz səviyyəsindən 1700 metr yüksəklikdə əsasən fiziki hazırlığı əhatə edən məşqlər keçir. Ancaq toplanış çərçivəsində taktiki-texniki çalışmalara da yer ayrılır.
Qeyd edək ki, iki həftə davam edəcək toplanış apreldə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

İdman 2023-03-25 05:04:00