×
A
A
A
Sazlamalar

Ölkəmizin turizm imkanları Rusiyada beynəlxalq turizm sərgisində nümayiş etdirilir

Moskva, 16 mart, AZƏRTAC

Ölkəmizin turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Moskvada "MITT" beynəlxalq səyahət və turizm sərgisində təbliğ edilir.
AZƏRTAC xəbər verir ki, sərgidə 108 kvadratmetrlik sahəni əhatə edən milli stendimizdə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, Dağ Yəhudiləri Muzeyi, Abşeron Hotel Qrupu ilə birlikdə 8 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.
Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, dağ və qış turizmi imkanları, eləcə də ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumat verilir.
Həmçinin digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 75 min 256 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz çoxdur. 2023-cü ilin fevral ayı ərzində Rusiyanın 14 şəhərindən Bakıya birbaşa 400 reys həyata keçirilib.
Bu il “MITT 2023” sərgisində Rusiya regionları ilə yanaşı, 24 xarici ölkə iştirak edəcək. Ötən illərdən fərqli olaraq, təşkilatçılar peşəkarlarla yanaşı, turistləri də tədbirə dəvət ediblər.
Səyahətçilər üçün müxtəlif ustad dərsləri, “travel-blogerlər”lə görüşlər, təqdimatlar təşkil olunacaq. Daha bir yenilik isə otel və restoran biznesinin nümayəndələrinin sərgidə iştirakıdır.
Sərgi martın 18-dək davam edəcək.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Turizm 2023-03-16 14:41:43