×
A
A
A
Sazlamalar

Bakıda dünya kuboku yarışlarının ilk final günündə 12 ölkədən gimnastlar fərqləniblər

Bakı, 11 mart, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının üçüncü gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar üzrə final yarışlarında güclərini sınayıblar.
Kişilər arasında sərbəst hərəkətlər üzrə final yarışlarında uğurla çıxış edən qazaxıstanlı Milad Kərimi 14,200 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Ukrayna gimnastı İlya Kovtun 13,933 xalla yarışı ikinci, ABŞ təmsilçisi Riley Lus 13,733 xalla üçüncü pillədə başa vurublar.
Paralel qollar üzrə yarışların finalında filippinli Edriel Karlos Yulo qızıl medal qazanıb. İdmançının çıxışı hakimlər tərəfindən 15,400 xalla qiymətləndirilib. Ukrayna gimnastı İ.Kovtun 15,366 xalla gümüş, fransalı Kameron-Li Bernard 14,600 xalla bürünc medala sahib olublar.
Azərbaycan gimnastı Nikita Simonov dünya kuboku yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Halqalar üzrə final mərhələsində çıxış edən təmsilçimiz hakimlərdən 14,633 xal alıb. İran təmsilçisi Mehdi Ahmad Kohani 14,500 xalla ikinci, avstriyalı Vinzenz Hoeck 14,433 xalla üçüncü pillədə yer alıblar.
Fransalı gimnast Kolin Devillar dünya kuboku yarışlarında fərqlənməyi bacarıb. Belə ki, qadınlar arasında dayaqlı tullanma yarışlarının finalında K.Devilların çıxışı hakimlər tərəfindən 13,683 xalla qiymətləndirilib. Özbəkistanlı Olimpiya çempionu, üçqat dünya çempionu Oksana Çusovitina (13,433 xal) və çinli Linmin Yu (13,383 xal) ilk üçlükdə qərarlaşıblar.
Çin təmsilçisi Qiyuan Qiu müxtəlif hündürlüklü qollar üzrə yarışların finalında 14,700 xalla bütün rəqiblərini qabaqlayıb. İtaliyalı gimnast Giorgia Villa 14 xalla yarışı ikinci, Niderland təmsilçisi Sanna Virman isə 13,766 xalla üçüncü pillədə başa vurublar.
Dünya kuboku yarışlarında ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunub. Kubok İtaliya gimnastı Nikola Bartolini və İndoneziya təmsilçisi Rifda İrfanaluthfiyə verilib.
Yarışlar başa çatdıqdan sonra ilk final gününün qalibləri mükafatlandırılıb. Medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Rauf Əliyev, baş katibi Nurlana Məmmədzadə, Afrika Gimnastika İttifaqının və Misir Gimnastika Federasiyasının prezidenti Esavi Ehab, yarışın direktoru Natalya Bulanova və gimnastika məşqçisi Ceffri Tomson təqdim ediblər.
Turnirin ilk final günündə 12 ölkədən gimnastlar fərqləniblər.
Dünya kuboku yarışlarına martın 12-də yekun vurulacaq.

İdman 2023-03-11 16:13:00