×
A
A
A
Sazlamalar

Premyer Liqanın XXV turu “Kəpəz”in baş məşqçisi üçün əlamətdar olub

Bakı, 6 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar olub. Bu, onun yetirmələrinin “Sabah”a 0:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi 200-cü matçını keçirib. O, Premyer Liqada 2013-2014-cü il mövsümündə AZAL-ın sükanı arxasında debüt edib. T.Əhmədov sonradan “Neftçi” və “Keşlə”ni də çalışdırıb. O, cari mövsümün gedişində “Kəpəz”in baş məşqçisi təyin olunub. Premyer Liqada onuncu mövsümünü keçirən mütəxəssisin komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, Premyer Liqanın tarixinə ən azı 200 matç keçirən onuncu baş məşqçi kimi düşüb.
Qeyd edək ki, T.Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə “Bakı”ya uduzub – 1:2.

İdman 2023-03-06 11:38:00