×
A
A
A
Sazlamalar

Xocalı qurbanlarının xatirəsi Polşanın müxtəlif şəhərlərində yad edilib

Vyana, 1 mart, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Varşavanın Qan Donor Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş qanvermə aksiyasına dəstək göstərilib.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı Xocalı soyqırımı barədə məlumatları əks etdirən bannerlər quraşdırılıb, qan verməyə gələn insanlara faciə ilə bağlı broşür və kitabçalar paylanıb.
Səfirlik tərəfindən, eyni zamanda, Polşa Qızıl Xaç Cəmiyyəti ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsini anım tədbirləri çərçivəsində Plotsk şəhərində “Promyczek” Ətraf Mühitin Mühafizəsi Klubunda müvəqqəti yerləşdirilmiş Ukraynadan olan uşaqlara Azərbaycan mətbəxindən şirniyyat nümunələri və meyvə şirələri, habelə məktəb ləvazimatları və uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif oyuncaqlar və digər hədiyyələr ianə edilib.
Daha sonra Polşa Qızıl Xaç Cəmiyyətinin İdarə Heyətinin üzvü, Polşa Qızıl Xaç Cəmiyyətinin Plotsk bölməsinin rəhbəri və Plotsk Şəhər Şurasının Səhiyyə və sosial məsələlər departamentinin direktoru ilə keçirilmiş görüşdə səfir N.Qurbanova Xocalı soyqırımı barədə məlumat verib, hər il 26 fevral tarixində ölkəmizdə Xocalı qurbanlarının xatirəsinin yad edildiyini, soyqırımı zamanı 63-ü uşaq olmaqla 613 nəfərin qətlə yetirildiyini qeyd edib.
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu vurğulayan səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum edərək, Azərbaycan xalqına qarşı soyqırımı törətdiyini bildirib. Səfir deyib ki, Azərbaycan xalqı qisas istəmir, soyqırımı törədənlərin bu qanlı cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab vermələrini tələb edir.
Sonda səfir N.Qurbanovaya uşaqlar tərəfindən çəkilmiş rəsmlər hədiyyə edilib.
Tədbir yerli mətbuatda işıqlandırılıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xocalı faciəsi 2023-03-01 18:16:00