×
A
A
A
Sazlamalar

İsrailin dağ yəhudiləri Xocalı faciəsinin qurbanlarını yad ediblər

Bakı, 1 mart, AZƏRTAC

Hər il fevralın sonunda İsraildə Xocalı soyqırımı qurbanlarının xatirə gününə həsr olunmuş tədbirlər keçirilir. Akko şəhərində vaxtilə Azərbaycanda yaşamış yəhudilərin “Tikvateynu” icma mərkəzində və İsraildə Azərbaycan Evində Xocalı qətliamının qurbanlarının anma gecəsi təşkil olunub. Tədbirdə İsrailin bir çox şəhərlərindən dağ yəhudiləri icmasının liderləri və fəalları iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş sənədli fotolardan ibarət sərgi, eləcə də “Xocalıya ədalət!” kampaniyasına aid buklet, jurnal və kitablar təqdim olunub. Azərbaycan xalqı üçün bu kədərli tarix Akko şəhərində hər il qeyd olunur. Axı bu şəhərdə vaxtilə Azərbaycanda yaşamış yəhudilər çoxdur.
Tədbirin təşəbbüskarı Akko şəhər bələdiyyəsinin meri Şimon Lankri, İsraildə Azərbaycan Evinin rəhbəri Nehemiya Şirin Mixaeli və vaxtilə Qafqazda yaşayan yəhudilərin Ümumisrail təşkilatının sədri Pavel Yelizarovdur.
Tədbiri açan Nehemiya Mixaeli anma mərasiminə toplaşan hər kəsə təşəkkür edib. Sonra o, ötən ilin sentyabrında vəfat edən Arye Qutun İsrail-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində misilsiz rolunu qeyd edib, bu tədbirin onun iştirakı olmadan Xocalı qurbanlarının xatirəsinə həsr olunan ilk tədbir olduğunu vurğulayıb. N.Mixaeli ivrit və Azərbaycan dillərində çıxış edərək, 613 nəfərin həyatına son qoyan (1000-dən çox dinc sakin yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi barədə hələ də heç nə məlum deyil) bu faciə haqqında danışıb.
Dağ yəhudisi Vüqar Mikayılov da itkin düşənlər siyahısındadır. Onun qardaşı, tanınmış müğənni İlqar Mixaeli anma mərasimində iştirak edib. 18 yaşlı Vüqar 1993-cü il yanvarın 28-də Füzuli rayonunda döyüşlərdə əsir düşüb.
Sonra toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə Pavel Yelizarov (Or-Akiva), Rafael Aqarunov (Naqariya), Elişa Hanukayev (Pardes-Hana), Şakir Paşayev (Petax-Tikva), Amir Hanox (Nof-a-Qalil) və digərləri çıxış ediblər. Onların hər biri 1992-ci ilin o müdhiş fevral gecəsində Xocalı şəhərində baş verən hadisələri yada salıb, bəziləri bu faciəni Holokostla müqayisə edib. İştirakçılar bu çətin, lakin çox mühüm tədbirin təşəbbüskarlarına minnətdarlıqlarını bildirib, gələcəkdə bu tədbirin müntəzəm keçirilməsini razılaşdırıblar.
Pavel Yelizarov İsrail Prezidenti İshaq Hersoqla bu yaxınlardakı görüşündən danışıb. Dövlət başçısı görüşdə dağ yəhudilərinin tarixinə yaxşı bələd olduğunu vurğulayıb.
P.Yelizarov deyib: “1992-ci ilin dəhşətli hadisələri Azərbaycan xalqının qəlbində dərin iz qoyub. Bu gün Xocalı faciəsi qurbanlarının yaxınlarına dəstək sözləri ilə yanaşı, dostumuz, həmkarımız, məsləkdaşımız, Azərbaycanın uzun illər İsraildə haqq səsinə çevrilən Arye Qut barədə danışıldı”.
Nehemiya Mixaeli çıxışında icmanın liderlərinə, STMEGİ Fondunun prezidenti German Zaxaryayevə, Akko meri Şimon Lankriyə və bütün qonaqlara dəstəyə görə təşəkkür edərək deyib: “Biz, vaxtilə Azərbaycanda yaşamış dağ yəhudiləri xalqlarımızı bağlayan xüsusi dostluq və qardaşlığı heç vaxt yaddan çıxarmayacağıq. Bizim ata-babalarımız uzun illər çiyin-çiyinə yaşayıb, duz-çörək kəsiblər. Bu ölkə bizim üçün Ana Vətəndir. Hər nə olursa-olsun, biz bir-birimizi yaddan çıxarmamalı və dəstəkləməliyik. Birinci və İkinci Qarabağ müharibələrində biz yəhudilər qardaş xalqın tərəfində bilavasitə iştirak edib, Vətəni qorumuşuq, xalqımızın iki ləyaqətli nümayəndəsini – Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu və Vüqar Mikayılovu itirmişik. Azərbaycan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə münasibətdə ənənəvi olaraq multikulturalizm və yüksək tolerantlıq yolu ilə gedir və bu, sevindirici haldır. Biz dağ yəhudiləri birliyində İsrail cəmiyyətində daha geniş rezonans doğurmaqdan ötrü Azərbaycan ilə ictimai-mədəni münasibətləri daha yüksək səviyyəyə çatdırmaq qərarına gəlmişik”.

Xocalı faciəsi 2023-03-01 16:48:00