×
A
A
A
Sazlamalar

Mərakeşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 28 fevral, AZƏRTAC

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar ölkəmizin Mərakeşdəki səfirliyinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə səfir Nazim Səmədov, insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin ombudsmanları, Mərakeş universitetlərinin nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Mohammed Faquiri və assosiasiyanın üzvləri, eləcə də bu ölkədə akkreditə olunan diplomatik korpusun və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Səfir Nazim Səmədov tədbirdə çıxış edərək Xocalı soyqırımı, onun səbəbləri və nəticələri haqqında məlumat verib, Azərbaycan xalqı ilə və ədalətin naminə həmrəylik nümayiş etdirən bütün dövlətlərə, beynəlxalq təşkilatlara təşəkkürünü bildirib. Səfir vurğulayıb ki, bu istiqamətdə həyata keçirilmiş fəaliyyət nəticəsində bir çox dövlətlərin qanunverici orqanları, eləcə də beynəlxalq təşkilatlar tərəfindən faciəni pisləyən qərar və qətnamələr qəbul edilib.
Ombudsman Səbinə Əliyeva Xocalı soyqırımının ötən əsrdə bəşəriyyət əleyhinə baş vermiş ən dəhşətli cinayətlərdən biri olduğunu, yüzlərlə günahsız insanın təkcə bir gecədə vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb. O, məcburi köçkünlərin qayıdışına maneə törədən və işğal dövründə Ermənistan tərəfindən həmin ərazilərdə basdırılmış mina probleminə və Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyinin hələ də naməlum qalması məsələsinə toxunub. Ombudsman Xocalı soyqırımının ildönümü ilə əlaqədar müvafiq bəyanatın hazırlanaraq beynəlxalq və regional insan hüquqları təşkilatlarına göndərildiyini vurğulayıb.
Qeyd edək ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Mərakeş mətbuatında geniş məlumatlar dərc edilib. Məlumatlarda tarixə XX əsrin ən böyük faciələrindən biri kimi düşən Xocalı soyqırımı erməni millətçilərinin azərbaycanlılara qarşı mütəmadi qaydada həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğu oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, Xocalıda mülki əhalinin qəsdən qətlə yetirilməsi təcrid olunmuş akt deyil, Ermənistanın əraziləri zəbt etmək istəyinə, irqi və dini dözümsüzlüyün iyrənc ideyalarına əsaslanan sistemli və genişmiqyaslı etnik təmizləmə və zorakılıq siyasətinin tərkib hissəsidir.
Tədbirdə Xocalı soyqırımı haqqında film nümayiş etdirilib, faciənin dəhşətlərini əks etdirən fotosərgi təşkil olunub.

Xocalı faciəsi 2023-02-28 19:01:00