×
A
A
A
Sazlamalar

Britaniya parlamentinin önündə “Xocalıya ədalət!” tələb olunub

Bakı, 28 fevral, AZƏRTAC

Böyük Britaniya parlamentinin qarşısında Xocalı soyqırımının 31-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində dinc aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə keçirilən aksiyaya Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr qatılıblar.
Ermənistanın və erməni separatçılarının Azərbaycana qarşı törətdiyi amansız qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşkil olunmuş aksiyada dünya birliyi tərəfindən Xocalı soyqırımının tanınması və hərbi cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində əməli addımların atılması tələb edilib.
Aksiya zamanı Xocalı soyqırımı ilə bağlı məlumatların, “Xocalıya ədalət!”, “Xocalı soyqırımı. Biz heç vaxt unutmayacağıq!”, “Biz hamımız Xocalıdanıq!”, “Biz ədalət tələb edirik!”, “Müharibəyə daha yox, soyqırımına daha yox!”, “Yalnız sülh irəliyə doğru yoldur” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.
Aksiya zamanı Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Savaş Mərəndinin qızı Lujain Mərəndinin ifasında Xocalı qətliamı zamanı 10 yaşı olan Əfsanənin faciə ilə bağlı hekayəsi və Xocalıya ithaf edilmiş poema ingilis dilində səsləndirilib.
“Bizim məqsədimiz Ali Baş Komandanımızın rəhbərliyi altında Xocalıya qayıtmaqdır”, - deyə Londonda təhsil alan tələbə Kamal Əliyev bildirib.
Aksiya ilə maraqlanan londonlulara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib və suallar cavablandırılıb.

Xocalı faciəsi 2023-02-28 10:51:00