×
A
A
A
Sazlamalar

Gülnaz Çıldırlı: “Xocalı qəlbimizdə sağalmaz yaradır”

Tbilisi, 26 fevral, AZƏRTAC

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyinin hazırladığı tədbirlər planı çərçivəsində soyqırımı qurbanlarının Marneulidə yaşayan yaxınları ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, səfir Faiq Quliyev, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə heyətinin sədri Nəriman Qurbanov, mətbuat nümayəndələri Marneulidə yaşayan Çıldırlılar və Bayramovlar ailəsinin üzvləri ilə görüşüblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Sonra səfir Faiq Quliyev Xocalı faciəsinin səbəb və nəticələri barədə məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib, bununla da şəhidlərimizin qanı yerdə qalmayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti Xocalı faciəsi qurbanlarının yaxınlarına, qazi və şəhid ailələrinə daim diqqət və qayğı göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə ətraflı məlumat verən diplomat deyib ki, bu kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsi soyqırımı kimi tanınıb. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımını törədənlər də layiqli cəzalarını alacaqlar.
Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövləti ətrafında sıx birləşdiklərini vurğulayan F.Quliyev, 44 günlük Vətən müharibəsində Gürcüstan əsilli 44 şəhid olduğunu qeyd edib. Bildirib ki, şəhidlərimizin qanı yerdə qalmadı, şanlı Azərbaycan Ordusu onların qisasını aldı.
Xocalı faciəsi qurbanlarının Marneulidə yaşayan yaxını Gülnaz Çıldırlı göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Bildirib ki, ailəsi və yaxın qohumları Xocalıda 30 şəhid verib, 4 nəfər isə itkin düşüb. “Xocalı bizim qəlbimizdə sağalmaz yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı, qisas alındı. Buna görə də, Azərbaycan Prezidentinə minnətdarıq. Bu, bizdə təskinlik yaratsa da, Xocalı faciəsinin ağrı-acısını heç zaman unutmayacağıq” – deyə, o vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xocalı faciəsi 2023-02-26 16:50:00