×
A
A
A
Sazlamalar

“O günlərin ağrı-acısını hələ də yaşayıram” – Xocalı soyqırımının şahidi

Bakı, 26 fevral, AZƏRTAC

1992–ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər dayılarımı girov götürdülər. Yaxınlarımı, qohumlarımı isə bir gecədə qətlə yetirdilər. O günlərin ağrı-acısını hələ də yaşayıram.
Bu sözləri AZƏRTAC-a Xocalı soyqırımının şahidi Kərim Cavadov söyləyib.
“Xocalı bir gecədə yandırıldı, sakinlərə amansız divan tutuldu. O soyuq qış gecəsində qaçıb canını qurtarmaq istəyənlərə - uşaqlara, qocalara, qadınlara belə aman verilmədi. 613 nəfər xüsusi amansızlıqla və işgəncə ilə öldürüldü. Ailələr tamamilə məhv edildi, şikəst düşənlər oldu. Allah o günləri heç kimə yaşatmasın...” – deyə Xocalı şahidi həmin günləri yada salır.
Kərim Cavadov deyir ki, Xocalıya getmək, doğma Cəmilli kəndini görmək istəyir: “Qohumlarımız öldürüldü, evlərimiz yandırıldı... Amma mən yenə də Xocalının, ata-baba torpağımın həsrəti ilə yaşayıram”.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq mərhələlərlə həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsini əks etdirir.

Xocalı faciəsi 2023-02-26 13:56:00