×
A
A
A
Sazlamalar

“Ermənilərin planı belə idi ki, Xocalıdan bir nəfər də sağ çıxmamalıdır” - Elman Məmmədov

Bakı, 26 fevral, AZƏRTAC

Ermənilər tarix boyu türklərə qarşı düşmənçilik aparıblar. Xocalı XX əsrdə 3 dəfə soyqırımına məruz qalıb. İlk dəfə 1905-1906-cı illərdə evlər yandırılıb, əhali kütləvi öldürülüb. 1918-1920-ci illərdə ikinci dəfə basqın olub, qətliam törədilib. Üçüncü dəfə 1992-ci ilin fevralında törədilən qətliam Xocalıda yaşanan üçüncü soyqırımı idi.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Milli Məclisin Xocalıdan olan deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov söyləyib.

Ermənilər ilk dəfə 1988-ci ildə keçirdikləri mitinqdə açıq şəkildə ərazi iddiaları ilə çıxış etdilər

E.Məmmədov o günləri belə xatırlayır: “1987-ci ildən başlayaraq, ermənilərin təşkilatlanması barədə yuxarını məlumatlandırırdıq. Amma Bakı bizə heç bir reaksiya vermirdi. Səsimizə səs verən tapılmırdı. Hətta 1987-ci ilin dekabrında Dövlət Təhlükəsizlik Komitəsinin Ağdam rayon şöbəsinin əməkdaşı bizi Ağdama çağırdı. İki nəfər idik. Əməkdaş bizimlə sərt danışaraq, hədə-qorxu gəldi. Başladı ki, SSRİ beynəlmiləl dövlətdir, Azərbaycan çoxmillətli respublikadır və s. Ermənilərin təşkilatlanması ilə bağlı Bakıya göndərdiyimiz sənədləri qarşımıza qoydu və bizi təxribatda günahlandırdı. Bu hadisənin üstündən cəmi 2 ay keçdi və Xocalı faciəsi törədildi”.
Deputatın sözlərinə görə, ermənilər açıq şəkildə ərazi iddiaları ilə ilk dəfə 1988-ci il fevralın 12-də Əsgəranda keçirdikləri mitinqdə çıxış etdilər: “Fevralın 11-də gecə Əsgəran partiya təşkilat şöbəsinin rəisi zəng elədi ki, sabah saat 9-da partiya fəallarının yığıncağında olmalısınız. Xocalı İcra Hakimiyyətinin başçısı kimi məni də dəvət elədi. Bakıdan Azərbaycan Mərkəzi Komitəsinin (MK) ikinci katibi Konovalov, MK-də İnzibati şöbənin müdiri Məhəmməd Əsədov, Azərbaycan Ali Sovetinin əməkdaşları Cahangir Nəcəfov, Rəhim Abbasov və digər rəsmi şəxslər gəlmişdilər. Biz Xocalıdan iclasa 6 nəfər getmişdik. Təsəvvür edin, 500 erməninin iştirak etdiyi iclasda Xocalıdan 6 nəfər qatılmışdı.
Fevralın 12-də keçirilən iclasda Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi Boris Kevorkov Bakıdan gələn rəsmiləri təqdim edəndə ermənilər hamısı bir nəfər kimi ayağa qalxdılar. Ayaqlarını yerə döyməyə, qışqırmağa, fit çalmağa başladılar. Rəsmi şəxslər tez zalı tərk elədilər. Biz isə ermənilərin arasında qaldıq. Sonra güc-bəla ilə çıxa bildik. Fevralın 13-də Xankəndidə mitinqlər başladı. Fevralın 20-də erməni deputatların iştirakı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sessiya çağırdı. Azərbaycanlı deputatlar ora dəvət olunmadı. Sessiya qərar çıxardı ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibindən ayrılıb Ermənistana birləşsin”.

Xocalı 4 ay mühasirədə yaşadı

E.Məmmədov 1988-ci il sentyabrın 18-də keçirilən mitinqdə Xocalıya basqın etmək üçün qərar verildiyini söyləyir: “Xocalılar mərdliklə bu basqına sinə gərdilər, yaralılarımız oldu. Ermənilərin qarşısını aldıq. Lakin 9 nəfəri həbs elədilər. Zori Balayan həmin günün səhəri təyyarə ilə İrəvandan Xocalıya gələrək basqında yaralanan ermənilərə dəstək oldu. Amma o vaxtkı Azərbaycan hakimiyyəti xocalılıların köməyinə 3 gündən sonra gəldi. Xocalı artıq tam mühasirədə idi, çörək tapılmırdı, ərzaq tükənirdi.
1991-ci il noyabrın 1-də səhər tezdən Xocalıdan çıxıb Ağdam istiqamətinə gedən Habil Abışovun “UAZ”ını ermənilər Əsgəranda gülləbaran elədilər. Həmin vaxt iki nəfər öldü, bir nəfər yaralandı. Ermənilər sonra Əsgəran qalasının ətrafını betonlarla bağladılar. Beləliklə, 1991-ci il noyabrın 1-dən 1992-ci il fevralın 25-ə kimi, yəni 4 ay Xocalı mühasirə şəraitində yaşadı. Bu müddət ərzində Xocalının Bakı ilə əlaqəsi yox idi, ərzaq, dərman və silah təminatı, yaralıların oradan çıxarılması vertolyotların ümidinə qalmışdı. Xocalıya sonuncu mülki vertolyot 1992-ci il yanvarın 28-də gəldi. Həmin gün Ağdamdan Şuşaya gedən vertolyot Xankəndi üzərində ermənilər tərəfindən vuruldu. 40-dan çox insan həlak oldu. Bununla da vertolyotların uçuşuna son qoyuldu”.

Qeyri-bərabər döyüş

Deputatın sözlərinə görə, Xocalı Şəhər İcra Hakimiyyətinin rəhbəri kimi onun və şəhər ziyalıları, ağsaqqalları və məktəblilərinin ağır vəziyyətlə bağlı respublika rəhbərliyinə çoxsaylı müraciətləri, məktubları cavabsız qaldı: “Faciədən əvvəl dəfələrlə Ali Sovetin iclaslarında iştirak edərək təhlükə ilə bağlı fikrimi bildirdim, xahiş etdim, hətta bəzən təhqiramiz ifadələr də işlədirdim ki, siz burada hakimiyyət uğrunda bir-birinizi qırırsınız, orada insanlar zülm çəkirlər, həyatları təhlükə altındadır. Xocalı 4 ay zülm çəkdi, mətanətlə dayandı, amma... Harayımıza gələn olmadı... Xocalının harayına ancaq 21 nəfər könüllü – igid və cəsur oğlanlar gəldi. Həmin cəsur oğlanlardan 12-si Xocalı uğrunda döyüşlərdə qəhrəmancasına həlak oldu. Onların komandirləri Aqil Quliyev idi. Şəhidlər xiyabanında dəfn edilib. Sağ qalan xocalılar isə qəhəman döyüşçülərimizin, igid oğlanlarımızın hesabına xilas oldular”.
Həmsöhbətimiz Xocalıya hücumda 10 mindən çox erməni hərbçinin, həmçinin 366-cı motoatıcı alayın bütün texnikası və canlı qüvvəsinin, eləcə də dünyanın müxtəlif terror təşkilatlarından gələn silahlıların da iştirak etdiyini bildirib. Əlbəttə ki, qüvvələr qeyri-bərabər idi. Həmin alayın tərkibində Savelyev və hərbi jurnalist Viktoriya İvelova da bunu xatirlərində təsdiq edirlər. Xocalılar bu nəhəng qüvvənin qarşısında son damla qanlarına qədər vuruşdular.

Əhali çarpaz atəş altına düşdü

Ermənilərin mülki şəxsləri qəsdən və pusquya salaraq öldürdüklərindən söyləyən E.Məmmədov qeyd edib: “Ermənilər Əsgəran qalasının üstündə pusquda gözləyirdilər. Orada əhali çarpaz atəş altına düşdü. Ermənilərin özlərinin yazdıqlarına görə, plan belə idi ki, Xocalıdan bir nəfər də olsun sağ çıxmamalıdır. Şəhərdə qalan 3 min nəfərdən 613-ü amansızlıqla qətlə yetirildi. Bunlar hamısı mülki şəxslər idi. Qocalara, qadınlara, uşaqlara aman verilmədi. Bu, dəhşətdir...”.

Daha güclü olmalıyıq

E.Məmmədov sözlərinin sonunda Laçın-Xankəndi yolu üzərində azərbaycanlı ekofəalların keçirdikləri dinc aksiyadan da danışıb: “Yol bağlı deyil. Amma bəzi beynəlxalq təşkilatlar və ölkələrin rəhbərləri erməni təəssübkeşliyini açıq-aydın göstərirlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları mütəmadi olaraq oradan keçir. Bəs həmin komitə 1992-ci ildə xocalıları qanına qəltan ediləndə harada idi görəsən!? Dörd yüz mindən çox əhalisi olan Naxçıvan 30 ildən çoxdur ki, blokada şəraitində yaşayır. Erməniləri ağlayan dünya Naxçıvana qarşı niyə etinasızlıq göstərir.
Xalqımız tələb edir ki, Xocalı faciəsinin səbəbkarları Azərbaycan qanunları və beynəlxalq məhkəmələr qarşısında cavab versinlər, layiqli cəzalarını alsınlar. Bütün bu haqsızlıqların, ədalətsizliklərin qarşısını almaq, düşmənə layiqli cavab vermək üçün Azərbaycan daha da güclənməlidir. Dövlətimiz də güclüdür, ordusu da. Amma daha güclü olmalıyıq. 44 günlük Vətən müharibəsində göstərdiyimiz birliyi, dəyanəti, əzmi həmişə saxlamalıyıq. Xalq-iqtidar-ordu birliyi daim olmalıdır. Bizim başqa çıxış yolumuz yoxdur. Güclü dövlət, yumruq kimi xalq olmalıyıq.
Qisasımızı almışıq və alacağıq. Bütün xocalılar evlərinə qayıtmaq istəyirlər, amma hər şeyin zamanı var. O gün də uzaq da deyil”.

Xocalı faciəsi 2023-02-26 12:57:00