×
A
A
A
Sazlamalar

Şəhidlərimizin qanı yerdə, qisası isə qiyamətə qalmadı

Bakı, 26 fevral, AZƏRTAC

Tarixi təhrif, faktları isə təkzib etmək olmaz. Bu gün özünü dünyaya "məzlum toplum" kimi göstərən ermənilərin tarix boyu xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətllər, terror aktları həyata keçirməsi təkzibedilməz faktdır. Belə vandalizm aktlarından biri də XX əsrin faciəsi olan Xocalı soyqırımıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, 31 il əvvəl törədilmiş - bəşəriyyət əleyhinə ən qanlı cinayətlərdən biri olan Xocalı faciəsi milli-etnik zəmində törədilmiş soyqırımı aktıdır. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi erməni terrorizminin daha bir nümunəsidir. Xocalı faciəsi dinc əhalinin kütləvi qətliamı kimi tarixə düşmüş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə eyni sırada yer alır. Qətliam zamanı qadın, uşaq və qocaların xüsusi qəddarlıqla öldürülməsi, əsir və girov götürülmüş insanların amansız işgəncələrə məruz qalması, 8 ailənin tamamilə məhv edilməsi bu faciənin etnik təmizləmə və genosid aktı olduğunu təsdiqləyir.
“Qan yaddaşımız olan Xocalı faciəsini unutmuruq və unutdurmuruq. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilən Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar hər il respublika miqyasında, eləcə də xarici ölkələrdə tədbirlər keçirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması erməni vandalizminin və yalanlarının ifşası baxımından olduqca önəmlidir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bütövlükdə müsbət nəticələr verir. Artıq bir sıra dövlətlərin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Bəzi ölkələrin, o cümlədən ABŞ-nin 30-dan çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər”, - deyə Siyavuş Novruzov qeyd edib.
Komitə sədri vurğulayıb ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Xocalı faciəsini törədən canilər layiqli cəzalarını alacaqlar, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu gün qürur və iftixarla qeyd edirik ki, qisas qiyamətə qalmadı! Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı. Müzəffər Ordumuz tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da var idi. Heç şübhəsiz, Azərbaycan Xocalı soyqırımını törətmiş cinayətkarların, faciənin sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsinə də nail olacaq.

Xocalı faciəsi 2023-02-26 10:22:00