×
A
A
A
Sazlamalar

Vətən müharibəsi döyüşlərində Xocalı soyqırımı qurbanlarının da qisası alındı

Bakı, 25 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunda bu elmi müəssisənin Azad Həmkarlar Təşkilatı, YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, ermənilərin bizə qarşı əsrlər boyu həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti onların “böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Ermənilər xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törədiblər.
Akademik qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən baş direktor 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə Xocalı soyqırımı qurbanlarının da qisasının alındığını söyləyib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Lalə Əliyeva Xocalı faciəsi haqqında videotəqdimatla çıxış edib.
İnstitutun bir qrup əməkdaşı faciə qurbanlarının xatirəsini yad etmək üçün Xocalı abidəsini ziyarət ediblər.

Elm və təhsil 2023-02-25 13:27:00