×
A
A
A
Sazlamalar

Əli Zalov: Xocalı abidələrinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir

Bakı, 25 fevral, AZƏRTAC

Xalqımız 200 il ərzində dəfələrlə erməni şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda qarşılaşdı. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Əli Zalov deyib. O bildirib ki, Xocalı soyqırımı nəticəsində Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
“Ermənilər Xocalı şəhərini hədəfə almaqla Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, eyni zamanda, Xocalını yer üzündən birdəfəlik silmək istəyirdilər. Çünki Xocalı bir yaşayış məskəni kimi Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər mədəni-tarixi ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə dağıdılması erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır,” - deyə Əli Zalov fikrini yekunlaşdırıb.

Xocalı faciəsi 2023-02-25 10:37:00