×
A
A
A
Sazlamalar

Azad edilmiş ərazilərdəki transsərhəd çaylarda hər on gündən bir monitorinqlər təşkil olunur

Bakı, 24 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağ və Şərqi Zəngəzurda kompleks ekoloji monitorinqlər həyata keçirir. Monitorinqlərin keçirilməsində əsas məqsəd həmin ərazilərdə ətraf mühitə təsirlərin qiymətləndirilməsi və mövcud ekoloji vəziyyətin mütəmadi olaraq nəzarətdə saxlanılmasıdır. Kompleks monitorinqlərdə həm transsərhəd çayların, həm də həmin ərazilərdə yerləşən daxili suların monitorinqi aparılır. Həmçinin atmosferin hava keyfiyyəti göstəriciləri, radiasiya fonu tədqiq olunur, eyni zamanda, torpaq örtüyü ilə bağlı müvafiq laborator təhlillər aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov nazirliyin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Transsərhəd çaylarda ay ərzində hər 10 gündən bir monitorinqlər təşkil olunur. İlk növbədə götürülən su nümunələri üzərində səyyar mobil laboratoriyalarımızın imkanlarından istifadə edərək yerində laborator təhlillər aparır, çirklənmə səviyyəsini təhlil edirik. Həmin laborator təhlillər davamlı olaraq nazirliyin stasionar laboratoriyasında aparılır. Su anbarları da daxil olmaqla daxili su hövzələrində, ümumiyyətlə respublika çaylarında ayda bir dəfə monitorinqlər keçirilir, təhlillər aparılır və çirklənmə səviyyəsi nəzarətdə saxlanılır”.

Ekologiya 2023-02-24 17:43:00