×
A
A
A
Sazlamalar

XX əsrdə Xocalı beş dəfə soyqırımına məruz qalıb VİDEO

Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların, faciə qurbanlarının və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəylinin sözlərinə görə, Xocalıda dinc əhaliyə qarşı törədilən amansızlıq düşmən üçün çox dərin məna daşıyırdı: “Həmin dövrdə dövlətçilik, ordu quruculuğu istənilən səviyyədə deyildi. Bundan istifadə edən düşmən bir-birinin ardınca şəhərləri, rayonları zəbt etdi. Xocalı Qarabağda çox strateji əhəmiyyət daşıyan bir şəhər idi. Bundan başqa, törədilən soyqırımı Azərbaycan xalqına, yenicə müstəqilliyini bərpa etmiş ölkəyə zərbə, azərbaycanlıları sındırmaq, sarsıtmaq məqsədi daşıyırdı. Düz 31 il əvvəl fevralın 25-dən 26-na keçən gecə 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 1275 nəfər girov götürüldü. Onların bir çoxunun taleyindən hələ də xəbər yoxdur. Qətlə yetirilənlərin əksəriyyəti qadınlar, qocalar, uşaqlar idi. Müharibə qanunlarına zidd olaraq ağır artilleriyalar silahsız insanlara yönəlmişdi. Burada yalnız dinc, əliyalın sakinlər hədəfə alınmışdı. Bir sözlə, Xocalıda baş verənlər dinc əhaliyə qarşı genosid aktı idi.
Bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımına tarixi qiymət verilməsi məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün oldu. Çox təəssüf ki, əksər ölkələr ikili standart nümayiş etdirərək Xocalıda törədilən soyqırımı görməzdən gəlirdi. Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət, son illərdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir çox ölkə Xocalı faciəsi haqqında xəbərdar oldu. Ən əsası isə bir çox ölkədə Xocalıda törədilən qətliam soyqırımı kimi tanınır. Xocalıda baş verənlər hər birimizin ürəyini göynətsə də, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər yaralarımıza məlhəm, yaşadığımız acılara təsəlli oldu. Şanlı Zəfər nəticəsində nəinki ərazi bütövlüyümüzü bərpa etdik, həm də başımıza gətirilən faciələrin qisasını da aldıq”.
G.Gəraybəyli tarixi günlərin, faciələrin ildönümlərinin qeyd edilməsində universitetin tələbələrinin aktivlik nümayiş etdirməsini təqdirəlayiq hal kimi qiymətləndirib və bunun yüksək vətənpərvərlik ruhunun göstəricisi olduğunu qeyd edib. Rektor belə tədbirlərin tariximizin şanlı və qanlı səhifələrinin gələcək nəsillərə ötürülməsində əhəmiyyətini vurğulayıb.
Sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Çıxış edən ATU-nun Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Qoşqar İsmayılov XX əsrdə Xocalının beş dəfə soyqırımına məruz qaldığını diqqətə çatdırıb: “1905, 1907, 1917 və 1918-ci illərdə Xocalıya mənfur düşmənlərimiz tərəfindən hücum edilib və qətliamlar törədilib. Lakin bunlardan ən böyüyü 1992-ci il fevralın 25-dən 26-na keçən o qarlı-şaxtalı gecədə törədildi. Dinc sakinlərin bu cür amansızlıqla qətlə yetirilməsi düşmənin məkrli planı idi. Xocalı soyqırımının dəhşətlərini bizə çatdıran Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə də borcluyuq. Həmin videogörüntülərin və ölkəmizdə soyqırımın tanıdılması istiqamətində aparılan tədbirlərin nəticəsində başımıza gətirilən genosidi bütün dünyaya nümayiş etdirə bildik. Hazırda fevralın 26-da nəinki ölkəmizdə, respublikamızın hüdudlarından kənarda da soyqırımı qurbanlarının əziz xatirəsi yad edilir”.
Sonra Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar Komitəsinin nəzdində olan Teatr Klubunun hazırladığı Xocalı soyqırımına həsr olunan səhnəcik nümayiş etdirilib.

Xocalı faciəsi 2023-02-24 15:30:00

Video