×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı – erməni faşizminin əsl siması

Bakı, 24 fevral, AZƏRTAC

XX əsrin ən böyük bəşəri cinayətlərindən olan Xocalı soyqırımı erməni faşizminin ən qanlı əməli kimi tarixə həkk olunub. 1992-ci ilin fevralında erməni terrorçu qruplaşmalarının Qarabağın mərkəzində, Azərbaycan türklərinin ulu yurd yerlərindən olan Xocalıda soyqırımı törətməkdə əsas məqsədi nə idi? Niyə Qarabağ? Niyə Xocalı? Xocalı qatillərindən və “ASALA” terror təşkilatının rəhbərlərindən biri olan Monte Melkonyan ABŞ-nin Berkli Universitetinin arxeologiya fakültəsini bitirib. O, ABŞ-nin Kaliforniya ştatında doğulsa da, Qarabağa yalnız bir məqsədlə – Azərbaycan türklərinə qarşı soyqırımı törətmək üçün gəlmişdir. Qeyd edək ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan rəhbərliyinin dəvəti ilə ABŞ-dan, Fransadan, Yunanıstandan, İrandan, Suriyadan və Livandan bir çox terrorçu qruplaşmaları Qarabağa gəldilər. Hələ keçmiş SSRİ rəhbərliyinin 1920-1940-cı illərdə azərbaycanlıların Qərbi Azərbaycandan, yəni müasir Ermənistan ərazisindən zorla köçürməsi – deportasiyası nəticəsində onların doğma el-obalarına müxtəlif xarici ölkələrdən minlərlə erməni ailəsi köçürülmüşdü. Birinci Qarabağ müharibəsi dövründə Ermənistan prezidenti olmuş L. Ter-Petrosyan da Ermənistanda yox, Suriyanın Hələb şəhərində doğulub. O zaman Ermənistanın hərbi və siyasi güc strukturları məhz bir sıra xarici dövlətlərin məkrli planlarının həyata keçirilməsinə xidmət edən şəxslərə həvalə edilmişdi. Erməni faşizminin və ona dəstək verən xarici qüvvələrin Xocalı soyqırımını törətməkdə əsas məqsədi Qarabağın, eləcə də Xocalının qədim tarixinin tək varisi olan yerli azərbaycanlı əhalisini məhv etməklə, soyqırımı törətməklə və tarixə şahid olan qədim abidələri viran qoymaqla gerçək tarixin izlərini silmək idi. Xocalı müasir tarixə bəşəriyyətin ən böyük soyqırımlarından birinin törədildiyi məkan olaraq düşdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının əsgərləri və hərbi texnikası ilə birlikdə Xocalıda bəşəriyyətin tarixində ən qəddar cinayətlərdən birini törətdilər. Xocalının 613 nəfər dinc sakini məhz azərbaycanlı olduqları üçün qətlə yetirildilər. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Xocalının 487 nəfər dinc sakin ağır yaralandı, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Erməni faşistləri əsir götürdükləri 1275 nəfərə amansız işgəncələr verdilər. Xocalının müdafiəsinə qalxan və işğalçılara qarşı qəhrəmanlıqla mübarizə aparan rayon sakinlərindən – Əlif Hacıyev, Tofiq Hüseynov, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Araz Səlimov, Tabil Həsənov, İnqilab İsmayılov, Şakir Salahov, Natiq Əhmədov və Möhsüm Məmmədov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.
AZƏRTAC AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin “Xocalı soyqırımı – erməni faşizminin əsl siması” sərlövhəli məqaləsini təqdim edir.

Etibarlı tarixi mənbələrdə Xocalının tarixi keçmişi haqqında hansı məlumatlar öz əksini tapıb?

Hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində buradakı bir sıra qədim yaşayış məskənləri kimi Xocalının da Azərbaycan xalqının dörd min illik tarixi olan ulu yurd yerlərindən biri olması sübut edilib. Ümumiyyətlə, Qarabağ ərazisində qədim türk tayfalarına aid yaşayış məntəqələri və qəbir abidələri olan kurqanlar əsasən Xocalıda, Xankəndidə, Ağdamda, Tərtərdə, Xocavənddə və Şuşa yaxınlığında aşkar edilib. Xocalıdan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin oxşar nümunələrinə təkcə Qarabağ ərazisində yox, hətta Cənubi Qafqazın demək olar ki, hər yerində rast gəlinir. Xocalı-Gədəbəy mədəniyyəti kimi tanınan bu qədim mədəniyyət nümunələri Azərbaycan xalqının formalaşdığı erkən mərhələnin e.ə. II minillikdə təşəkkül tapdığını sübut edir. Xocalının qədim mədəniyyəti Azərbaycan xalqının əcdadları tərəfindən yaradılıb. Bu mədəniyyət üçün səciyyəvi olan tunc kəmərlər, baltalar, xəncərlər, enliağız qılınclar, yarpaqvari nizələr və ox ucluqları yerli əhalinin hələ 4 min il bundan əvvəl hərb sənətinin incəliklərinə yiyələndiyini sübut edir. Xocalı ərazisində Kurqan çölü, Qalaça, Örtük daşı, Hasar, Düzülü daş və digər qədim yaşayış məntəqələri müdafiə tikililəri ilə diqqəti cəlb edir. Xocalı ərazisindən tapılmış dulusçuluq sənətinin nadir nümunələri olan qabarıq gövdəli küplər, darboğazlı təkqulplu qablar, nehrələr və digər saxsı nümunələri yerli türk tayfalarının elat həyat tərzindən xəbər verir. Ən qədim zamanlardan çağdaş zamanadək Qarabağ və Zəngəzur xalçalarının naxışları məhz Xocalı tunc kəmərlərinin üzərindəki ornamentlərdən qaynaqlanır. Bu fakt, azərbaycanlıların yerli mədəni irsinin minilliklər boyu nəsildən-nəslə ötürüldüyünü sübut edir. Ermənilər isə Qarabağ bölgəsinə yadelli etnik ünsür olduqları üçün onların burada qədim zamanlardan etibarən yaşadıqlarını sübut edən heç bir tapıntı mövcud deyil. Şuşa Realnı Məktəbində alman dili müəllimi işləmiş Emil Resler 1892-1903-cü illərdə Qarabağda, Gəncəçay boyunca uzanan ərazilərdə apardığı tədqiqatlar barədə hazırladığı geniş hesabatda ilk dəfə Xocalının qədim abidələri haqqında məlumat verib. Xocalı rayonunun ərazisində çaydaşından inşa edilmiş 20-dən artıq iri ölçülü kurqanlar aşkar edilib. E.Reslerin 1895-ci ildə Xocalıda 11 saylı kurqandan aşkar etdiyi ən maraqlı tapıntılardan biri eradan əvvəl X əsrdə Aşşur dövlətinin hökmdarı II Adadnirarinin hakimiyyəti dövrünə aid üzərində mixi yazılar həkk edilmiş qara əqiq daşından muncuqdur. Hazırda Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılan bu tapıntının üzərində Aşşur dilində “Egal Adadnerari sar Kissati” (Azərbaycan türkcəsinə tərcüməsi: “Dünyanın hökmdarı Adadnerarinin sarayı”) sözləri yazılıb. Azərbaycan alimlərindən ilk dəfə Xocalıda tədqiqat işləri keçən əsrin 20-ci illərində Ələsgər Ələkbərov tərəfindən aparılıb. Onun qeyd etdiyi kimi, Azərbaycan arxeologiyasında Xocalının qədim abidələri açar rolunu oynayır.

Xocalı rayonunun ərazisi tarixi-mədəni abidələrlə zəngindir. Burada erkən orta əsrlər dövrünə aid Alban kilsələri ilə yanaşı, IX əsrə aid Qırxlar qalasını, Aslan qalasını, XIV əsrə aid Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni və XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın əmri ilə inşa edilmiş Əsgəran qalasını xüsusilə qeyd etmək olar. XVIII-XIX əsrlərdə tərtib edilmiş xəritələrdə Xocalı ərazisində bütün yer-yurd adları Azərbaycan türkcəsində qeyd edilib. 1842-ci ildə Çar Rusiyasının Qafqaz Korpusunun Baş Qərargahı tərəfindən hazırlanmış “Qafqaz diyarının xəritəsi”ndə Xocalı və onun ətrafındakı yer-yurd adları Azərbaycan türkcəsində olduğu kimi göstərilib. Bu xəritədə Xocalı, Abdal Gülablı, Qaradağlı, Daşbulaq, Picamal, Ballıca, Xanbağı, Mehdikənd, Qarakənd, Yengicə kəndləri və Qarqar çayının adları əks olunub. XIX əsrdə və XX əsrin əvvəllərində Çar Rusiyasının məmurları tərəfindən hazırlanmış hesabatlardan məlum olur ki, Xocalı ərazisindəki kəndlərin əhalisi Azərbaycan türkləri olub. O zamanlar çar məmurları bir sıra rəsmi sənədlərdə Azərbaycan türklərini “müsəlman tatar”, “tatar”, bəzən də “azərbaycanlı” adlandırırdılar. 1886-cı ildə çar Rusiyasının Zaqafqaziya diyarı üzrə ailə sayını nəzərdə tutan siyahıyaalmasına görə Xocalının 98-i kişi, 94-ü qadın olmaqla cəmi 192 sakini olub. Bu siyahıyaalınmanı əks etdirən rəsmi sənəddə göstərilir ki, Xocalı əhalisinin hamısı şiə məzhəbinə mənsub olan müsəlman tatarları, yəni Azərbaycan türkləridir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə kəndli təsərrüfatlarının siyahıyaalınması həyata keçirildi. Həmin siyahıyaalınmanın rəsmi nəticələrinə görə, Malıbəyli kənd cəmiyyətinin 6 kəndindən biri olan Xocalıda 318 sakin yaşayıb ki, onların da hamısı müsəlman tatarları olub. Beləliklə, istər çar Rusiyası, istərsə də sovet dönəminin rəsmi məlumatlarında Xocalı əhalisi içərisində bir nəfər də olsun erməni sakinindən bəhs edilməyib.
XIX əsrin əvvəllərində Azərbaycanı işğal etmək məqsədilə yerli feodal dövlətlərimiz olan xanlıqlarla və Qacarlar dövləti ilə müharibələr aparmış çar Rusiyası özünə yeni sərhədlər cızdı. 1828-ci ilin fevralında imzalanmış Türkmənçay müqaviləsinə görə çar Rusiyasının yeni cənub sərhədləri Azərbaycanın tarixi torpaqlarının tən ortasından keçdi. XIX əsrin əvvəllərində bu təcavüzkar imperiya tərəfindən həm Azərbaycanın tarixi torpaqlarına yad etnik ünsür olan ermənilər köçürüldü, həm də Azərbaycan xalqının təbii sərvətlərinin amansız istismarı başlandı. Çar məmurları və özlərini alim kimi təqdim edən casuslar tarixi-mədəni abidələrimizi talan etməyə başladılar. Azərbaycan mədəniyyətinin nadir nümunələri Tiflis, Moskva və Sankt-Peterburq muzeylərinə və kitabxanalarına aparıldı. Azərbaycan xalqının tarixi təhrif edildi, ermənilərə isə “yeni vətən” kimi uydurma tarix hədiyyə edildi.

Xocalı əhalisi məhz Azərbaycan türkləri olduqları üçün soyqırımına məruz qaldı. Bundan sonra erməni faşistləri Qarabağın tarixi-mədəni abidələrini talan etməyə başladılar. Xocalı soyqırımını törədən faşist dəstələrinə sonradan Ermənistanda prezident olan S.Sarkisyan və R.Koçaryan, həmçinin müdafiə naziri S.Ohanyan rəhbərlik edirdi. Xocalı soyqırımının ideoloji rəhbərləri isə “Asala” terror təşkilatının liderlərindən olan M.Melkonyan, sadizm xəstəliyinə mübtəla olmuş Z.Balayan və D.Xerdiyan idi. Xocalı soyqırımı bütün dünyaya erməni faşizminin əsl simasını göstərdi. Bu cinayətkarlar Xocalı soyqırımını törətdiklərini etiraf ediblər. Erməni faşizminin başlıca istiqamətlərindən biri olan kultursid nəticəsində Qarabağın tarixi-mədəni irsi 30 il ərzində viran edildi. Burada Azərbaycan türklərinin tarixi izlərini sübut edən mədəni abidələrin əksəriyyəti kütləvi şəkildə məhv edildi, qalan cüzi hissəsi isə xarabazarlığa çevrildi. XX əsrdə dünyanın heç bir yerində uşaqlar, qadınlar və yaşlı insanlar Xocalıda olduğu kimi xüsusi qəddarlıqla qətlə yetirilməyib. Xocalı soyqırımı sübut edir ki, erməni terroru faşizmin ən qəddar növü olub, nəinki Azərbaycan xalqı üçün, hətta bütün bəşəriyyət üçün təhlükəlidir. Buna görə də böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın özünə hakim ideologiya etdiyi faşizmə qarşı bütün səylərini səfərbər etməli və bu işğalçı dövlətin məkrli planlarının ifşa edilməsinə dəstək olmalıdırlar.

Elm və təhsil 2023-02-24 14:57:00