×
A
A
A
Sazlamalar

Ermənilər məni ölü bilib zibilliyə atmışdılar - Xocalı faciəsi şahidi danışır

Bakı, 24 fevral, Elmir Səftərov, AZƏRTAC

Xocalı soyqırımı baş verməmişdən əvvəl rayon əhalisinin yaşayışı, dolanışığı çox çətin idi. Faciədən əvvəl də Xocalı əhalisi tez-tez erməni hücumlarına məruz qalırdı. Bu səbəbdən də hamilə qadınlar, körpələr, yaşlılar, xəstələr qışın soyuğunda, yayın istisində zirzəmilərdə gecələyirdilər. Xocalını işğal etmək ermənilərin çoxdan həyata keçirmək istədikləri plan idi. İlk dəfə isə ermənilər 1988-ci il sentyabrın 18-də Xocalıya hücum etmişdilər. O zaman silahsız Xocalı əhalisi ermənilərə güclü müqavimət göstərdi və düşməni geri oturtdu. Həmin ildə ermənilər Xankəndidə nümayişlər, mitinqlər keçirdikləri vaxt Bakıda rəhbərlik Qarabağda baş verənlərdən xəbərsiz idi. Artıq Xankəndidən azərbaycanlıların çıxarılması və yüksək vəzifəli şəxslərin də hakimiyyətdən kənarlaşdırılması prosesi gedirdi.
Bu fikirləri Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva söyləyib.
Unudulması qeyri-mümkün olan ağrılı-acılı xatirələrini AZƏRTAC-la bölüşən Xocalı faciəsinin şahidi D.Ağayeva deyib: “1990-cı ildə Xocalıya şəhər statusu verildikdən sonra ermənilər oranı mühasirəyə aldılar. Həm Xankəndi tərəfdən yolumuz bağlı olduğu üçün Şuşaya, həm də Əsgəran istiqaməti mühasirədə olduğundan Ağdama gedə bilmirdik. Bütün bunlara baxmayaraq, Xocalı əhalisi ruhdan düşmürdü. Bu illərdə isə Xocalıda özünümüdafiə batalyonu yaradıldı. Milli qəhrəmanlar Tofiq Hüseynov, Əlif Hacıyevin də dəstələri Xocalı əhalisini müdafiə üçün səfərbər oldular. Bakıdan da 21 nəfər könüllü döyüşçü Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşmək üçün Xocalıya gəlmişdi. Bundan əlavə, Xocalı polisi rayonu müdafiə edənlər arasında idi. Mən o zamanlar rabitəçi idim və ona görə də bütün məsələlərdən xəbərim var idi. Əsgərlər silahla postda olduğu kimi, biz də telefonla əlaqələri təmin edirdik. Ermənilər bizə zəng edib deyirdilər ki, biz Xocalını işğal edəcəyik, insanları qıracağıq, oranı yandıracağıq. Həmçinin bildirirdilər ki, Xocalı da, Qarabağ da, Bakının nefti də bizimdir, oraya da gələcəyik. Onlar bizə bu cür hədə-qorxu gəlir, söyüşlər söyürdülər”.
1991-ci ilin sonlarında Xocalıda ərzağın bitdiyini vurğulayan faciənin canlı şahidi bildirib ki, canlı qüvvə olsa da, silah-sursat və texnika yox dərəcəsində idi. O dövrdə 5-6 nəfərə bir silah düşürdü. Əlif Hacıyev, Tofiq Hüseynov yatmır, dincəlmirdilər. Allah onlara rəhmət etsin. Onlar əsl qəhrəman idilər. Lakin mühasirədə olduğumuz üçün bizə heç nə gəlmirdi. Ona görə də yeganə əlaqə vasitəmiz, ümidimiz rabitə idi. İşıqlar da sönəndə bütün əlaqə itirdi.
Fevralın 26-na keçən gecə ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıya planlı şəkildə hücum etdilər. Onlar ilk olaraq Xocalı aeroportunu ələ keçirdilər. Gecə saat 11-də atəş səsləri eşidilməyə başladı. Ermənilər Xocalıya tanklardan, toplardan atəş açırdılar. Bizim tək qurtuluş yolumuz isə Qarqar çayını keçib meşəyə getmək idi. Xocalılı ailələr ilə birlikdə Qarqar çayını keçdik. Meşə ilə Ağdam istiqamətinə getmək istəyirdik. Lakin onlar Kətik meşəsini keçdikdən sonra Qaraqayanın üstündə bizim qarşımızı kəsdilər. Ermənilər silahsız, taqətdən düşmüş insanlara atəş açmağa başladılar. Biz orada çox sayda şəhid verdik. Qardaşım və mən də daxil olmaqla, bəzilərimiz əsir düşdük. Mən səkkiz gün əsirlik həyatı yaşadım. Amma həmin günlər o qədər ağrılıdır ki, danışmaqla bitməz. Çünki əsir olduğumuz müddətdə ermənilərin ağlasığmaz vəhşiliyini gördük. Xatırlayıram ki, ermənilər avtomatın qundağı ilə körpə uşaqları döyür, onlara əzab verir və qorxudurdular. Ermənilər qadınlara elə işgəncələr verirdilər ki, heç vaxt yaddan çıxmaz. Mənim də həmin vaxt 20 yaşım var idi. Ermənilər əsirlik müddətində məni soyuq suda saxladılar. Huşumu itirdiyim üçün onlar məni ölü bilib zibilliyə atmışdılar. Hava soyuq olduğu üçün bədənim və saçım donmuşdu. Bundan əlavə, ayağımda güllə yarası var idi. Bütün bunlar azmış kimi, hər gün bizi, millətimizi təhqir edirdilər. Onlar məni dəmir alət, dubinka, taxta parçası ilə də döyürdülər, əllərimi qapının arasına salıb əzirdilər. Əsir olduğum müddətdə erməni mənə sual verdi ki, Qarabağ Azərbaycanındır, yoxsa Ermənistanın? Mən isə cavab verdim ki, azərbaycanlıyam, torpaqlar da Azərbaycanındır. Bu zaman o, ayaqqabısını ağzıma soxdu ki, ayağımın altındakı torpağı ye. Ağzım tozla dolmuşdu. Bunlar mənə verilən, sadəcə, yüngül işgəncələrdir. Mən əsirlikdən çıxandan sonra “Erməni zindanında səkkiz gün” kitabını yazdım.
“Milli Qəhrəman Allahverdi Bağırov bir gecənin içində orada olan 50-60 qadını yanacaq qarşılığında əsirlikdən azad etdi. O, nəinki qadınları, Xocalıda əsir düşən 1050 nəfəri ermənilərin əlindən aldı”, - deyə Dürdanə Ağayeva qeyd edib.

Xocalı faciəsi 2023-02-24 11:42:00