×
A
A
A
Sazlamalar

Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər

Tbilisi, 24 fevral, AZƏRTAC
Fevralın 23-də Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı, azərbaycanlı və gürcü ziyalılar, tələbələr iştirak ediblər.
GAK sədri Hüseyn Yusubov tədbiri açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Sonra şəhidlərimizin ruhuna dualar oxunub.
H.Yusubov çıxışında Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. GAK sədri, deyib ki, ermənilər bu qırğınları törətməklə Azərbaycan xalqının döyüş ruhunu, əzmini qırmağa çalışıblar. Lakin onların bu cəhdləri boşa çıxıb. Qəhrəman Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyaraq torpaqlarımızı azad edib, şəhidlərimizin qisasını alıb.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı ilə əlaqədar Nürnberq məhkəməsi kimi ədalət mühakiməsi təşkil olunmalı, insanlığa sığmayan bu cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar.
Son dövrlər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi istiqamətində atılan addımlar barədə danışan H.Yusubov deyib ki, Gürcüstan azərbaycanlıları Prezident İlham Əliyevin sülh siyasətini dəstəkləyirlər.
Səfirliyin müşaviri Sərxan İsmayılov çıxışında Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun Qələbəsindən danışıb, bu müharibə nəticəsində torpaqlarımızın azad edilməsi ilə şəhidlərimizin intiqamının alındığını bildirib.
Onun sözlərinə görə, Xocalıda baş verənlər müharibə cinayəti deyil, insanlığa qarşı misli görünməmiş terror və soyqırımıdır.
Diplomat Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət!" kampaniyası barədə məlumat verib, bunun nəticəsində bir neçə ölkənin parlamentində Xocalı faciəsinin soyqırımı kimi tanındığını bildirib.
Sonra yazıçı Əli Abbas, gürcü politoloq, tarixçi alim Quram Marxuliya və başqaları çıxış edərək Xocalı soyqırımı haqqında fikirlərini bölüşüblər.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2023-02-24 04:17:00