×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir

Bakı, 23 fevral, AZƏRTAC

AMEA-nın Qafqazşünaslıq İnstitutunda işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İlk olaraq Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Xocalı həqiqətlərindən danışıb. Bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə Prezident İlham Əliyevin, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.
Sonra institutun icraçı direktoru siyasi elmlər doktoru dosent Ramilə Dadaşova Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunduğunu vurğulayıb. Anım toplantısında, həmçinin institutun şöbə müdirləri - tarix elmləri doktoru, professor Qasım Hacıyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu bildiriblər.

Xocalı faciəsi 2023-02-23 18:37:00