×
A
A
A
Sazlamalar

Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət – Xocalı soyqırımı

Bakı, 23 fevral, AZƏRTAC

İşğalçı Ermənistanın Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi soyqırımından 31 il keçir. Otuz bir ilin zirvəsindən aşağıdakı bir sıra suallara yenidən cavab verilməsi vacibdir: soyqırımı nə üçün Xocalıda törədildi? Soyqırımı necə həyata keçirildi və nəticələri nə oldu? Xocalı soyqırımını tanıtmaq üçün Azərbaycan hansı tədbirləri həyata keçirir? Xocalıdan hansı ibrət dərslərini almaq olar?
AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət – Xocalı soyqırımı” adlı məqaləsini təqdim edir.

Nə üçün Xocalı?

Məlum olduğu kimi, Xocalı dünya arxeologiya elminə qədim yaşayış məskənlərindən biri, Xocalı-Gədəbəy mədəniyyətinin nümunəsi kimi daxil olub. Ağdam–Şuşa, Əsgəran–Xankəndi yolunun üstündə yerləşən Xocalı şəhəri əlverişli hərbi-strateji əhəmiyyət daşıyırdı. Xocalının işğal edilməsi yollara nəzarət etməyə və işğalları genişləndirməyə imkan verirdi. Şəhərdə Azərbaycanın bu regionunda yeganə hava limanı var idi.
1991-ci ilin oktyabr ayından etibarən Xocalı şəhəri işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı. Şəhərə gedən bütün avtomobil yolları bağlanmışdı. Əlaqə yalnız helikopterlə saxlanılırdı. 1992-ci ilin yanvar ayından şəhər ilə helikopter əlaqəsi də kəsildi və ağır vəziyyət yarandı. Bu zaman dövlət hakimiyyətinin zəif olduğu Azərbaycanda dərin hərbi-siyasi, sosial-iqtisadi böhran hökm sürürdü.

Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət

Ermənistan silahlı birləşmələri və keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı hərbi alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində mühasirədə olan mülki azərbaycanlı əhaliyə fevralın 25-dən 26-na keçən gecə, sakinlər yuxuda ikən üç tərəfdən hücum etdilər. Şəhərin bir tərəfi açıq saxlanıldı. Erməni terror-siyasi təşkilatlarına məxsus olan bu taktikanın seçilməsində məqsəd açıq saxlanan yol ilə qaçıb canlarını qurtarmaq istərkən dinc əhalini asanlıqla öldürmək imkanı qazanmaq idi. Şəhər dörd tərəfdən mühasirəyə alınardısa, əhali müqavimət göstərə bilərdi.
Şəhər əhalisinə qarşı soyqırımı həyata keçirildi. 613 nəfər öldürüldü, 1275 nəfər girov götürüldü, 487 nəfər şikəst edildi. Öldürülənlərin 63 nəfəri azyaşlı uşaq, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi. Bu, azərbaycanlılara qarşı əsl soyqırımı aktı idi. Xocalıda insanlar yalnız milli, dini mənsubiyyətinə, azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilmişdilər.
Xocalı soyqırımını törətməklə Ermənistan rəhbərliyi işğalçılıq siyasətini həyata keçirməkdən ötrü ən qəddar üsullara əl atmağa hazır olduğunu göstərdi. Bu vəhşiliyi Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarkisyan hətta Böyük Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində aşağıdakı kimi etiraf edirdi:
“Xocalıya qədər azərbaycanlılar belə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq”.
Əslində, Serj Sarkisyan yalan danışırdı. Çünki Xocalıyadək Ermənistan işğalçı qüvvələri Malıbəyli, Quşçular kəndlərində və digər yerlərdə belə amansız qəddarlıqları törətmişdilər.
Erməni terrorçuları M.Melkonyan və S.Melkonyan isə yazırdılar ki, Xocalı sakinləri altı mil (1 mil 1,6 kilometrdir) qət edərək, demək olar, təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar.
Xocalının məhv edilməsi ilə hava limanı Azərbaycanın nəzarətindən çıxdı. İşğalçı Ermənistandan silah və silahlı dəstələrin gətirilməsi daha da artdı. Ermənistanı belə cəsarətləndirən Rusiya rəhbərliyində və ordusundakı müəyyən qrupların hərbi, siyasi və mənəvi yardımları idi.
Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi, bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayətdir. Bu soyqırımı haqqında ABŞ, Türkiyə və digər ölkələrin mətbuat orqanlarında dərc edilən çoxlu məqalələrdə azərbaycanlıların kütləvi surətdə məhv edilməsi təsvir olunmuş, fotoşəkillər verilmişdi.

Xocalı soyqırımının nəticələri

Azərbaycan hakimiyyətinin Xocalıda baş verənlərin miqyasını xalqdan gizlətmək cəhdləri ölkədə gərgin olan ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırdı. Vətəndaşların hiddətinin həddi-hüdudu yox idi. Onlar Ermənistanın hərbi təcavüzünü dayandırmaqdan ötrü qəti addımlar atılmasını tələb edirdilər. Xalqdan ayrı düşmüş Azərbaycan hakimiyyəti isə zəif və gücsüz idi. Bakıda davam edən və getdikcə güclənən mitinq iştirakçıları hakimiyyətin istefasını tələb edirdilər. Artan təzyiqlər qarşısında Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarova istefa verdi. Bu vəzifəyə Yaqub Məmmədov seçildi. Az sonra Prezident Ayaz Mütəllibov da istefaya getdi. 1992-ci ilin mayında Şuşa işğal edildikdən sonra Ayaz Mütəllibovun hakimiyyətə qayıtmaq cəhdinin qarşısını alan Azərbaycan Xalq Cəbhəsi silahlı çevriliş etdi. Ölkə daha dərin xaos və anarxiya dövrünə qədəm qoydu.

Xocalı soyqırımını dünyada tanıtmaq istiqamətində görülən işlər

Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin “hücum diplomatiyası” kursunun həyata keçirilməsi müstəsna rol oynadı. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti və 2008-ci ildən Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra ölkələrində bu hadisə soyqırımı kimi tanınıb, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə dərs kitablarına məlumatlar daxil edilib, filmlər çəkilib. Dünyanın müxtəlif dillərində kitabçalar və əsərlər çap edilib, elmi konfranslar keçirilib. Bu fəaliyyətlər indi də davam etdirilir.

Alınacaq ibrət dərsləri

Bu gün Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini həm belə bəşəri cinayətlərin bir daha təkrarlanmaması, həm də ibrət dərsləri almaq üçün anırıq. Soyqırımlarına bir daha yol verilməməli, onu törədənlər layiqli cəzalarını almalıdırlar.
Alınacaq ibrət dərsi ondan ibarətdir ki, o zaman Azərbaycanda sabitlik, güclü dövlət, ordu və qüdrətli dövlət rəhbəri, xalq ilə hakimiyyət, hakimiyyətin qanadları arasında birlik olsaydı, Xocalıda soyqırımı olmaya bilərdi. Deməli, ölkəmizdə ictimai-siyasi sabitlik, güclü dövlət, yenilməz ordu, hakimiyyət ilə xalq, hakimiyyətin qanadları arasında sıx birlik, qüdrətli dövlət rəhbəri amilləri xalqımızın qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində dayanan başlıca amillərdir. 44 günlük müharibədə qazanılan qələbə bunu sübut etdi.

Elm və təhsil 2023-02-23 16:42:00