Xocalı sakinlərinin dörd il ərzində çəkdikləri zəhmət bir gecədə hədər getdi... İradə Cəfərova
Bakı, 22 fevral, AZƏRTAC
Xocalı qətliamı əsrin, insanlığın, bəşəriyyətin faciəsidir. Bu qətliamın fəsadları təkcə azərbaycanlıların deyil, insan olan hər kəsin ürəyini ağrıdır.
2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Biz Zəfər qazandıq. 44 günlük Vətən müharibəsi dövründə hər bir azərbaycanlı kimi, xocalılıların da ürəyi Ordumuzla birgə döyündü. Qəhrəman əsgər və zabitlərimiz Xocalıda güllələnən hərbçilərimizin, qətlə yetirilən günahsız qadınların, ahılların, uşaqların qisasını aldılar. Bu gün biz çox qürurluyuq. İnanırıq ki, Vətən həsrətli, “yaralı” xocalılılar dövlətimizin gücü, Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində tezliklə evlərinə qayıdacaq və öz təsərrüfatlarını yaradacaqlar. O zaman Xocalı igidlərinin də ruhu şad olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xocalı sakini İradə Cəfərova söyləyib.
1965-ci ildə Xocalıda doğulduğunu bildirən İ.Cəfərova uşaqlığının, gəncliyinin gözəl illərinin orada keçdiyini bildirib. O deyib: “Xoşbəxt ailə həyatım cəmi 5 il çəkdi. O günləri yadıma salanda özümə gələ bilmirəm. O vaxt torpaq iddiası ilə çıxış edən ermənilər mütəmadi olaraq Xankəndiyə, Xocalıya hücumlar edir, bizi hədələyir, getməyimizi tələb edirdilər. Amma xocalılılar onlara bir ot tayasını yandırmağa belə imkan vermədilər. Bacardığımız və əlimizdən gəldiyi qədər ermənilərə müqavimət göstərirdik. Xocalıda mərd oğullar, qızlar vardı, torpaq sevgisi hər şeydən yüksək idi. 366-cı motoatıcı alay olmasaydı, onlar bizə bu dəhşəti yaşada bilməzdilər”.
Heç kəsin illərdir onlarla bir yerdə yaşayan, çörəklərini böldükləri ermənilərdən bunu gözləmədiyini deyən İ.Cəfərova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin 366-cı alayın tank, raket və digər vasitələri ilə Xocalıya hücum etmələri nəticəsində yerli sakinlərin 4 il çəkdikləri zəhmətin, sinə gərdikləri çətinliklərin bir gecədə hədər getdiyini təəssüf hissi ilə bildirib.
“Ermənilərin hədələrindən, hücumlarından qorunmaq üçün ata evinin böyük zirzəmisi var idi, oraya yığışırdıq. Atam, həyat yoldaşım da daxil olmaqla, bütün kişilər postda növbə ilə keşik çəkirdilər. Həyat yoldaşım 817 saylı hərbi hissənin, yəni, özünümüdafiə batalyonunun döyüşçüsü idi. Qardaşım da, həyat yoldaşım da həmin qanlı gecə postda idilər.
Xocalılılar heç nə olmamış kimi öz işlərində, güclərində idilər. Biz torpağa çox bağlıyıq. Gecə Xocalını “Alazan”la atəşə tuturdular, zirzəmilərdə gizlənirdik, amma səhər durub gündəlik işlərimizlə məşğul idik. Çox çalışdılar ki, təhlükəsizliyimiz üçün bizi Xocalıdan çıxarsınlar, amma çıxmadıq”, - deyə o qeyd edir.
Xocalının işğalı ərəfəsində baş verən hadisələri xatırlayan İradə Cəfərova belə nəql edir: “Təqribən iki aya yaxın Xocalı ilə əlaqə kəsildi, qazın verilməsi dayandırıldı. Məqsəd insanları çarəsiz duruma salmaq idi. Təkcə Xocalı aeroportu işləyirdi. Uşaqlı qadınların vertolyota minməsi mümkün deyildi. Faciə baş verən gün övladlarımın ikisi də yanımda idi. Fevralın 25-də saat 9-a işləmiş sanki yer lərzəyə gəldi. Xocalı qradlardan, toplardan, pulemyotlardan atəşə tutulmuşdu. Zirzəmidə uşaqlar ağlaşıb-çığırışıb bir-birinə qarışdılar. Hər tərəf od saçırdı, gurultudan qulaq batırdı. Anam evin ikinci mərtəbəsinə qalxmışdı ki, bizə pal-paltar gətirsin. Qadın çaşıb qalmışdı, zirzəmiyə düşə bilmirdi. Düz saat 11-ə kimi güclü döyüşlər getdi. Atamla həyat yoldaşım gəldilər ki, ermənilər Qala kəndinə giriblər. Yer-göy titrəyirdi. Hər tərəf toz-duman içində idi. Biz ayaqyalın, başıaçıq qaçmağa başladıq. Uşaqlar çox qorxmuşdular, ağlaşırdılar. Biz yenə də kəndi tərk etmək istəmirdik. Dəmir yolu körpüsünün altına girib gözlədik. Düşündük ki, yəqin gülləbarandan sonra çəkilib gedərlər, biz də qayıdarıq evlərimizə. Düz gecə saat 1-ə kimi gözlədik. Həmin ərəfədə ermənilərin danışıqlarını eşitdik. Dizə kimi qar yağmışdı, şaxta adamı kəsirdi. Məcbur olduq Qarqar çayından keçək və zülmlə bunu etdik. Övladımın birini mən, digərini atam kürəyimizə bağlamışdıq. Kənd yoluna çıxdıq ki, qısa yolla Ağdamın Şelli kəndinə tərəf gedək. Gördük ki, Xocalıdan olan tabor döyüşçülərindən ikisi qaça-qaça gəlir. Onlar bizə dedilər ki, Şelli tərəfə getməyin, ermənilər yolu kəsiblər. Biz səmtimizi Abdal-Gülablı tərəfə çevirməli olduq. Yer-göy qan ağlayırdı. Bizə bir nəfər bələdçilik edirdi. Həmin günün səhəri gündüz saat 15:00-dək yol tapa bilmədik. Hər tərəf duman idi, göz-gözü görmürdü. Məcbur olub qayıtdıq meşəyə. Təqribən 150-200 nəfər olardıq. Gecəni orada qaldıq. Səhər yenə yola düzəldik. Gəldik bir dərəyə çatanda bildik ki, ermənilər dəstənin qabağını kəsiblər. Həmin gün ermənilər çox insanları qanına qəltan etdilər. Yaralılar qan itirdiyi üçün canlarını tapşırdılar”.
Faciə şahidinin sözlərinə görə, canında təpəri olanlar dağı aşıb keçə bildilər. Lakin uşaqlı adam üçün çətin idi. Anası yaşlı və özü uşaqlı olduqları üçün yenidən 2 kilometr yolu geri qayıtmalı olublar. “Həmin gecəni də meşədə qarın üstündə qaldıq. Uşaqlar donurdular, ayaqları şişmişdi. Ovcumuzda qarı əridib onlara su verirdik ki, ölməsinlər. Yemək isə heç yada da düşmürdü. Səhəri yenə düzəldik yola, Abdal-Gülablıya gedən başqa yolla hərəkət etməyə başladıq. Qonşumuz Sara xala vardı, yolda gördük ki, üç övladı ilə donub. O qədər başımızı itirmişdik ki, yolu səhv saldıq. Abdal-Gülablıya getmək əvəzinə, ermənilərin Dəhraz kəndinə girdik. Sən demə ermənilər bizi yuxarıdan izləyirmişlər. Başladılar bizi atəşə tutmağa. Yaşlı adamlar məsləhət gördülər ki, gəlin, təslim olaq, uşaqlara, yaşlılara, xəstələrə dəyməsinlər. Dəhraz kəndində ermənilərə əsir düşdük. Erməni atəşi nəticəsində Zəhra xala yerindəcə keçinmişdi. Onun Mehdi adında oğlu var idi, Neft və Sənaye Universitetinin üçüncü kurs tələbəsi idi. Onu da öldürdülər. Bizi gətirdilər Sumqayıtda ölən ermənilərə ucaldılmış abidənin önünə. Batalyon döyüşçülərinin əllərindən silahlarını alaraq döydülər. Bizi tövləyə saldılar və qadın, uşaq demədən olmazın işgəncələr verdilər”, - deyə İ.Cəfərova yaşadığı həmin dəhşətləri anladır.
Xocalı sakini bildirdi ki, ermənilər sənədlər də daxil olmaqla, kimin əlində, üstündə nə var idisə, hamısını götürdülər. Gecəni tövlədə qaldıqdan sonra səhər 13-14 nəfər saqqallı erməni gəlib avtomatın qundağı ilə əsirləri döyüblər.
“Həyat yoldaşım da daxil olmaqla, on üç nəfər batalyon döyüşçüsünü güllələmək üçün apardılar. O gündən həyat yoldaşımın nə öldüsündən, nə də qaldısından xəbər yoxdur. Biz isə iki gün tövlədə qaldıq. Bizə çox zülmlər etdilər, işgəncələr verdilər. Ağdam batalyonunun əsgərləri Dəhraz kəndinə hücum edib, ermənilərdən əsir götürmüşdülər. Bizi həmin ermənilərlə dəyişdilər və biz Abdal-Gülablıya gəldik”, - deyə İradə Cəfərova bildirir.
O, sonda qeyd edib ki, Azərbaycan xalqı Xocalı faciəsi qurbanlarının xatirəsini daim əziz tutur, dövlətimiz Xocalı sakinlərini diqqətdə saxlayır.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO