×
A
A
A
Sazlamalar

Oxçuçay mütəmadi olaraq ağır metallarla çirklənməyə məruz qalır


Zəngilan, 22 fevral, Göyçək Mahmudlu, foto İlkin Cavanşirov
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzurda kompleks şəkildə monitorinqlər həyata keçirilir. Monitorinqlərin məqsədi azad edilən ərazilərdə ətraf mühitə təsirlərin qiymətləndirilməsi və mövcud ekoloji vəziyyətin nəzarətdə saxlanılmasıdır. Növbəti monitorinq Oxçuçayın Şayıflı kəndi ərazisində keçirildi, su nümunələri götürüldü, üzərində laborator təhlillər aparıldı. Eyni zamanda, çayın üzərində quraşdırılmış hidrometeoroloji avtomat stansiyada avtomatik şəkildə hidrometeoroloji parametrlərin öyrənilməsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Nazim Mahmudov deyib.
Nazirlik rəsmisi bildirib ki, Oxçuçay daimi olaraq Ermənistan tərəfindən çirkləndirilən çaylardan biridir: “Ermənistan ərazisindəki mis molibden sənayesində formalaşan, o cümlədən bütün növ sənaye tipli çirkab sular mütəmadi olaraq çaya axıdılır. Bunun nəticəsində çay ifrat dərəcədə çirklənməyə məruz qalır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azelab” MMC-nin direktoru Raminə Abdullayeva bildirib ki, ən çox çirklənməyə məruz qalan çaylarımızdan biri olan Oxçuçayda iki ildən çoxdur ki, monitorinqlər aparılır. Mütəmadi olaraq nümunələr götürülərək laboratoriyada analiz olunur. Nəticəyə əsasən onu demək olar ki, Oxçuçay mütəmadi olaraq ağır metallarla çirklənməyə məruz qalır. Çayın suyunun tərkibində dəmir, manqan və bir çox ağır metalların miqdarı dəfələrlə yolverilən qatılıq həddini ötüb. Kimyəvi analizlərlə yanaşı, bioindikatorlara görə də Oxçuçayın qiymətləndirilməsi aparılıb. Bioindikatorlara görə çayda polisaprob orqanizmlər üstünlük təşkil etdiyindən çirkli çay kimi qiymətləndirilib. Buna səbəb Ermənistan ərazisindən dağ sənaye mədən və filiz saflaşdırma kombinatlarından, həmçinin məişət tullantı sularının təmizlənmədən Oxçuçaya axıdılmasıdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparatının şöbə müdiri Raqub Mirzəyevin sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Birinci Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar olaraq Oxçuçayın Zəngilan rayonunun Şayıflı kəndi ərazisindən keçən hissəsində hidroloji stansiya quraşdırılıb: "Avtomat hidroloji stansiyadır və günəş paneli ilə təmin olunub. Əsas məqsəd Oxçuçayın su sərfi, keyfiyyəti, temperaturu və çirklənmə dərəcəsi haqqında məlumatların avtomatik olaraq Milli Hidrometeorologiya Xidmətinin servis mərkəzinə ötürülməsidir. Ötürülən məlumatlar təhlil olunaraq qiymətləndirilir. Hər hansı bir çirklənmə parametri aşkarlandığı halda dərhal monitorinq tədbirləri həyata keçirilir. Bununla yanaşı, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcərdə radioekoloji stansiyalar quraşdırılıb. Burada əsas məqsəd erkən radiasiya xəbərdarlığı haqqında məlumatların əldə edilməsidir. Həmin məlumatlar da avtomatik olaraq situasiya mərkəzinə ötürülür və təhlil olunaraq qiymətləndirilir”.

Ekologiya 2023-02-22 18:55:00