×
A
A
A
Sazlamalar

Oxçuçayın çirklənmələr üzrə əsas göstəricilərinin sistemləşdirilməsinə başlanılıb

Zəngilan, 22 fevral, Göyçək Mahmudlu, foto İlkin Cavanşirov, AZƏRTAC

Təxminən bir il ərzində Oxçuçayın ətraf ərazilərində, özündə, bir neçə məntəqəsində ekoloji monitorinqlər aparmışıq. Monitorinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyinin, Elm və Təhsil Nazirliyinin bir sıra elmi-tədqiqat institutları, “Azərsu” ASC və digər təşkilatlar iştirak ediblər. Monitorinqlər olduqca yüksək səviyyədə təşkil olunub və iki istiqamətdə aparılıb: çayın suyunun fiziki-kimyəvi və bioloji göstəriciləri üzrə. Monitorinqlərin ilk nəticələrinə görə çirklənmələr əsasən ağır metallar və məişət tullantılarından ibarətdir. Çirklənmələrin əsas mənbəyi Qafan şəhəri ətrafında olan mədən sənayesi tullantıları və məişət tullantılarıdır.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Oxçuçay işçi qrupunun üzvü Subahat İsgəndərov deyib.
Onun sözlərinə görə, monitorinqlər nəticəsində bütün çirklənmə dərəcələri müəyyənləşdirilib: “İşlərin xeyli hissəsi fiziki-kimyəvi çirklənmə dərəcələrinin öyrənilməsinə sərf olunub. Fiziki-kimyəvi çirklənmələr üzrə əsas göstəricilərin sistemləşdirilməsinə başlamışıq. Sistemləşdirilmə nəticəsində yaxın 10 il üçün proqnozlar veriləcək. Eyni zamanda, biz müəyyən etmişik ki, istər ağır metallar, istərsə də məişət əsaslı fekal tullantılarla çirklənmələrin dərəcəsi olduqca yuxarıdır. Bu, onu deməyə əsas verir ki, Oxçuçay bədnam qonşularımız tərəfindən ekoloji terrora məruz qalır. Bu, bilərəkdən edilən vandalizmdir. Mənfur qonşularımızın məqsədi bizim həmin çayın suyundan istifadə etməyimizin qarşısını almaqdır. Biz də öz növbəmizdə alınan bütün nəticələri, əsasən də fiziki-kimyəvi göstəriciləri sistemləşdirərək Oxçuçay suyunun keyfiyyətinin müəyyən qədər yaxşılaşması, ən əsası da kənd təsərrüfatı təyinatlı istifadəsi üçün metodologiyanın üç istiqamətdən ibarət prinsipial əsaslarını hazırlamışıq”.

 

Ekologiya 2023-02-22 18:00:00