×
A
A
A
Sazlamalar

Xocalı faciəsi - insanlığa qarşı törədilən cinayət

Bakı, 22 fevral, AZƏRTAC

Əsrin əvvəllərində - 1905-1906 və 1917-1918-ci illərdə törədilmiş türk-müsəlman soyqırımının davamı və ən dəhşətlisi Xocalı soyqırımıdır. Bu faciə mahiyyət etibarilə nəinki soyqırımı, hətta insanlığa qarşı törədilmiş bir cinayətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirova söyləyib. O bildirib ki, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi erməni terrorizminin bariz nümunəsidir. 1991-ci ilin oktyabrında Xocalı ilə avtomobil əlaqəsi tamamilə kəsilmişdi. Həmin vaxtdan etibarən şəhərlə əlaqə ancaq vertolyotlar vasitəsilə saxlanılırdı. 1990-cı il yanvarın 2-dən isə elektrik xətti də kəsilmişdi. Son dəfə Xocalıya 1992-ci il fevralın 13-də ərzaq və yanacaq yüklənmiş hərbi vertolyot gəldi. Şəhər erməni hücumu təhlükəsi ilə üz-üzə idi. Kömək üçün Bakıya, Ağdama olunan müraciətlər cavabsız qaldı. 1992-ci il fevralın 25-də axşama yaxın Xocalıdan çıxan bütün yollar artıq ermənilərin nəzarətində idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük və ən dəhşətli faciəsi – Xocalı qətliamı baş verdi. Günahsız insanlar - körpə, uşaq, cavan, qoca qanlarına qəltan edildilər. Bu, dinc, əliyalın əhaliyə - azərbaycanlılara qarşı edilən genosid idi. Həmin gecə erməni ekstremistləri Xankəndində yerləşən 366-cı alayın köməyi ilə Xocalı şəhərini yandırdılar. Kərkicahan, Malıbəyli, Meşəlinin ardı idi Xocalı faciəsi. Bu faciə XX əsr tarixində misli-bərabəri olmayan bir müsibət idı. İnsanların meyitləri o soyuq, buzlu gecədə dərələrdə, təpələrdə, meşələrdə qaldı. Girov düşmüş soydaşlarımızın başları qurbanlıq qoyun kimi kəsilir, ölənlərin kəllə dərisi soyulur, gözləri, ürəyi çıxarılır, bədənləri deşik-deşik edilirdi.
Qədim tarixi mədəniyyət abidələri ilə fərqlənən və strateji əhəmiyyətə malik olan Xocalı 1992-ci il fevralın 26-da erməni quldurları tərəfindən yandırılıb külə döndərildi. Xocalı və ətraf yaşayış məntəqələrinin yandırılması İvan Moiseyevin batalyonu tərəfindən həyata keçirilmişdi. Bu batalyon ermənilər arasında məşhur İvanın “vəhşi batalyonu” kimi tanınırdı. Faciə nəticəsində 613 nəfər şəhid oldu, 1275 nəfər əsir düşdü, 8 ailə tamamən məhv edildi, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirdi, 60 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 280 meyitin dəfni mümkün olmadı, 487 nəfər güllə və qəlpə yarası aldı, 1000 nəfər xocalılı əlil və şikəst oldu, 150 nəfərin taleyi hələ də məlum deyil.
Erməni yazıçısı Zori Balayan “Ruhumuzun dirçəlişi” kitabında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Bu əsərə nəzər yetirdikdə erməni xislətinin nəyə qadir olduğu, onların türklərə qarşı nifrəti açıq-aydın görünür.
Xocalı bəşər tarixində analoqu olmayan bir soyqırımıdır, insanlığa törədilmiş cinayətdir və biz bunu unutmamalı, unutdurmamalıyıq.

Xocalı faciəsi 2023-02-22 14:22:00