×
A
A
A
Sazlamalar

"Ağıllı tingçilik"də yetişdirilən tinglər azad edilmiş ərazilərin bərpasında istifadə ediləcək

Cəbrayıl, 22 fevral, Göyçək Mahmudlu, foto İlkin Cavanşirov, AZƏRTAC

Cəbrayıl rayonunda məhv edilmiş, yandırılmış, qırılmış meşələrin bərpası işləri aparılır. Meşəbərpa tədbirləri Azərbaycan və Türkiyənin müvafiq qurumları tərəfindən həyata keçirilir. Cəbrayılda hər iki ölkənin qardaşlıq simvolu olan "Dostluq meşəsi" yaradılıb. Bundan əlavə, burada mürəkkəb relyefli, sərt yamaclı ərazidə terras üsulu ilə meşəsalma işləri aparılır. Həm "Dostluq meşəsi"nin, həm də terraslarda meşələrin salınmasında Türkiyə mütəxəssislərinin təcrübəsindən istifadə olunub. Terrasların salınmasında Türkiyənin hədiyyə etdiyi texnikalardan istifadə edilib. Qardaş ölkənin mütəxəssisləri təlimlər, treninqlər keçiriblər. Sonradan işlər yerli mütəxəssislər tərəfindən davam etdirilib.
"Dostluq meşəsi" və terraslarda meşəsalma tədbirlərində həm yerli meşə şəraitinə uyğun, həm də Türkiyə tərəfindən hədiyyə olunan tinglərdən istifadə olunub. Yerli tinglərə əsasən yemişan, qarağac, ağcaqayın, Eldar şamı, Türkiyədən gətirilənlərə isə şamın müxtəlif növləri - fıstıq şamı, qızıl şam, Hələb şamı, Kipr akasiyası və s. aiddir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribov deyib.
C.Qəribov bildirib ki, Cəbrayıl rayonunda 8 hektar ərazidə müasir standartlara uyğun "Ağıllı tingçilik" sahəsi də yaradılacaq. Burada tinglər Türkiyənin tingyetişdirmə metodları ilə yetişdiriləcək. Örtülü kök sistemində yetişdirilən yüksəkkeyfiyyətli tinglərin illik dövriyyəsinin 2 milyon olacağı gözlənilir. Həmin tinglər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəsalma, meşəbərpa işlərində istifadə ediləcək.
"Burada, həmçinin "Meşəçilik Təlim Mərkəzi" də yaradılacaq. Beynəlxalq səviyyəli mərkəzdə Türkiyə və Azərbaycanın meşəçilik üzrə mütəxəssisləri, ekoloqları, həm də qonşu ölkələrin, o cümlədən Asiya ölkələrinin mütəxəssisləri burada təlim keçəcək, təcrübələrini bölüşəcəklər", - deyə C.Qəribov qeyd edib.

Ekologiya 2023-02-22 13:38:00