×
A
A
A
Sazlamalar

Ermənilər balaca qardaşımın əlinə atəş açdılar... - Xocalı şahidi danışır

Bakı, 21 fevral, Elmir Səftərov, AZƏRTAC
Erməni zülmündən qaçaraq Qərbi Azərbaycanın Göyçə mahalından 8 nəfərlik ailəmizlə birgə Xocalıya gəldik. Gələn zaman bir qardaşım şəhid oldu. Biz Xocalıda yenicə məskunlaşmağımıza baxmayaraq, ermənilər tərəfindən mütəmadi şəkildə təzyiqlərə məruz qalırdıq.
Bu sözləri Xocalı faciəsinin şahidi olan Mürvət Məmmədov söyləyib.
O zaman yaşadığı acı və unudulmaz xatirələri AZƏRTAC-la bölüşən M.Məmmədov deyib ki, Xocalı soyqırımı zamanı onun 14 yaşı var idi. “Erməni zülmünə yaxşı bələd olan ailəmiz - atam və böyük qardaşlarım könüllü batalyonlara qoşularaq Xocalıda postlarda keşik çəkirdilər. Xocalı rayonu artıq 4 ay idi ki, mühasirə vəziyyətində idi, ermənilər şəhəri tez-tez atəşə tuturdular. Xocalıya heç bir tərəfdən giriş yox idi. Helikopter ermənilər tərəfindən vurulandan sonra isə hava yolu ilə də əlaqə kəsildi. Ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalıya növbəti dəfə daha güclü hücuma keçdilər. Qardaşlarım postdan gəlib bizə xəbər verdilər ki, ermənilər artıq Xocalıya daxil olublar, qarşılarına kim çıxdı öldürürlər. Siz də hazırlaşın, yaxınlıqdakı meşə ilə qaçaraq camaata qoşulaq”, - deyə Mürvət Məmmədov bildirib.
Xocalıda insanların qışqırığının küçələri bürüdüyünü vurğulayan soyqırımı şahidi qeyd edir: “Artıq ermənilər Xocalıya daxil olub insanlara atəş açırdılar. Ermənilər qonşumuz Vidadi dayını da ayağından yaralamışdılar. Onu gətirib ayağını sarıdılar. Xatırlayıram ki, artıq düşmən evimizə tərəf yaxınlaşırdı. Biz də evdə müdafiə olunurduq. Bir qədər sonra ermənilər evimizi də atəşə tutdular. Müdafiə olunmağa məcbur olduğumuz üçün atam ov tüfəngi, qardaşım da Vidadi dayının avtomatı ilə bütün güllələr qurtarana qədər düşmənlə döyüşdülər. Ermənilər artıq evimizi mühasirəyə almışdılar. Bu an gözləmədiyimiz anda evimizə əl qumbarası atıldı. Partlayış nəticəsində mən ayağımdan, anam isə kürəyindən yaralandı. Bizdən əlavə, evdə qonşularımız da var idi. Qonşunun 3 yaşındakı körpə uşağı və özü həmin vaxt öldü.

Ermənilər bizə “şirin dillə” səslənərək evdən çıxmağımızı istəyirdilər

Ermənilər Azərbaycan və rus dillərində bizə səslənib evdən çıxmağımızı istəyirdilər. Onlar bizə “şirin dillə” deyirdilər ki, sizi öldürməyəcəyik, rahat buraxacağıq. Biz isə hər şeyə rəğmən, təslim olmadığımızı bildirirdik. Güllələrimizin bitdiyini görən ermənilər qapımızı qıraraq içəri girdilər. Ermənilər evdə olan hər kəsi tərk-silah edəndən sonra əmr verdilər ki, hamını bir otağa yığıb yandırsınlar. Üç yaşlı qardaşım Ruslan dedi ki, əmi, qurban olum məni öldürməyin. O vaxt orada olan 366-cı motoatıcı alayın rus zabiti bizim yandırılmağımıza icazə vermədi. Biz elə bildik ki, onun bizə ürəyi yandığı üçün qoymadı, amma elə deyildi. O, öz mənfəəti üçün ermənilərin bizi yandırmasına icazə vermədi. Belə ki, rus zabit evimizdəki bütün pulları, qızıl-zinət əşyalarını bizdən alıb getdi”.
O, atasının qolundan yaralanmasını kədərlə xatırlayıb: “Onlar bizi çölə çıxarıb tibbi yardım avtomobilinə mindirərək aparmaq istəyirdilər. Ermənilər, həmçinin qonşumuz Sara xalanın meyitini evdən çölə çıxardılar. Ermənilər onun körpəsinin meyitini çölə çıxarmaq istəyəndə bizə köməyə gələn Pənah dayı (ölən uşağın atası) gizləndiyi yerdən çıxaraq düşmənə atəş açdı. İki ermənini yaraladı, deyəsən birini də öldürdü. Bu zaman orada olan ermənilərin yarısı Pənahın arxasınca düşdülər, yarısı isə bizi döyə-döyə tibbi yardım avtomobilinə mindirib Əsgəran rayonuna apardılar”.

Ermənilər qadınların üzərindəki qızılları vəhşicəsinə dartıb götürürdülər

Ermənilər qadınların, qızların üzərindəki qızılları vəhşi kimi dartıb götürürdülər. Bu anda qardaşım dözməyərək erməniləri itələdi ki, düzgün davranmırsınız. Çünki istədiyiniz qızıl-zinət əşyalarını sizə veririk. Qardaşımın bu dediklərindən sonra onlar atamı və iki qardaşımı bizdən ayırıb apardılar. Bizi isə gətirdikləri yerdə otağa saldılar. Orada insanlar yaralı vəziyyətdə idi - kimisi qolundan, kimisi bədəninin müxtəlif nahiyəsindən, kimisi də başından güllələnmişdi. Ağlaşma səsi bir yandan, meyit iyləri də bir yandan otağı bürümüşdü. Ermənilər isə insanlara əzab vermək üçün otağın balaca nəfəsliyindən avtomatla tavana atəş açırdılar. Nəticədə divarlardan qopan toz-torpaq yaralı bədənimizə dolaraq yandırırdı. Yaralı insanlarla dolu otağı üfunət iyi bürümüşdü, ermənilər isə bundan zövq alırdılar.
Ermənilərin balaca qardaşının əlinə atəş açdığını kədərlə xatırlayan M.Məmmədov əlavə edib: “Onlar balaca qardaşımın ad günü olduğunu öyrənib dedilər ki, sənə silah versək atarsan? Sonra onlar uşağın əlinə atəş açdılar. Dedilər ki, bu da bizdən ömürlük sənə hədiyyə olsun. Əsirlikdə qaldığımız bir həftə ərzində insanlığa sığmayan erməni işgəncələrinə şahidlik etdik. Sonra gəlib bizi təpikləyərək qaldığımız yerdən çıxarıb sıraya düzdülər. Əsgəran rayonunda yaşayan ermənilər də orada idilər. Onlar əllərinə yaba, bel, lom, daş və sair alaraq bizi təhqir edə-edə vururdular.
Ermənilər sonra bizi avtobusa mindirərək Ağdamla Əsgəran arasındakı sərhədə gətirdilər. Milli Qəhrəman Allahverdi Bağırov da bizi geri qaytarmaq üçün orada idi. Ermənilər tərəfindən döyüşüb ölmüş qaradərili bir nəfərlə 80 azərbaycanlı dəyişildi. 80 nəfərin içində isə 5 bizim ailə üzvümüz idi. Qeyd etdiyim kimi, o vaxt atamı və iki qardaşımı bizdən ayırdıqları üçün onların taleyi indiyədək naməlumdur. Biz 15 il ərzində onları axtardıq. Maraqlanmadığımız yer, qurum, təşkilat qalmadı. Hətta Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına müraciət etsək də, onları tapa bilmədik.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində canlı şahidlərdən ibarət çəkilən sənədli filimin təqdimatı idi. Mən də oraya dəvət olunmuşdum. Canlı şahidlərin danışıqlarından məlum oldu ki, mənim atamı və iki qardaşımı aparıb bir erməninin məzarı üzərində başlarını kəsiblər. Sonra bizim əsirlərə deyiblər ki, onları basdırın. İndiyədək atamın və iki qardaşımın qalıqları bizə verilməyib”.

Xocalı faciəsi 2023-02-21 16:46:00