×
A
A
A
Sazlamalar

Argentinalı iş adamları Bakı Limanının imkanlarından istifadə etməyi planlaşdırırlar

Bakı, 18 fevral, AZƏRTAC

Argentinanın Azərbaycandakı səfiri xanım Mariangeles Belluscinin rəhbərlik etdiyi səfirlik əməkdaşlarından və Argentinanın aparıcı sənaye şirkəti olan “ProMendoza”nın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Bakı Limanında səfərdə olub.
Bakı Limanından AZƏRTAC-a bildirilib ki, qurumun Baş direktoru Taleh Ziyadovla görüş zamanı qonaqlara limanın, Azərbaycandan keçərək Avropa və Asiyanı birləşdirən nəqliyyat və logistika dəhlizlərində, o cümlədən Orta Dəhlizin daha da genişləndirilməsində tutduğu mühüm rol, “Azərbaycanın hub konsepsiyası” və limanda investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verilib və onların sualları cavablandırılıb.
Argentina nümayəndə heyəti transkontinental ticarət əlaqələrinin qurulmasında Bakı Limanının rolunu xüsusi vurğulayıb. Qeyd olunub ki, argentinalı iş adamları həm Azərbaycan, həm də region ölkələrinin bazarlarına çıxmaq üçün Bakı Limanında mövcud olan və gələcək imkanlarından istifadə etməyi planlaşdırırlar.
Qeyd edək ki, son dövrlər Bakı Limanından Latın Amerikası ölkələrinə daşınan yüklərin həcmində artım olub. Belə ki, Bakı Limanı vasitəsilə 2021-ci ildə qeyd edilən istiqamətə 12 min ton yük daşınmışdısa, 2022-ci ildə bu rəqəm 158 min tondan çox olub.

Nəqliyyat 2023-02-18 15:45:00