×
A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Bakı, 6 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Geomaqnit sahə son sutka ərzində ümumən sakit olub.
Proqnoz günlərində - fevralın 8-dək Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M sinif 10 faiz, X sinif isə 1 faizdir.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.
Proqnoz dövründə mənfi qütblü tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri Günəş küləyinin sürətinin artmasına səbəb olacaq. Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Fevralın 7-də maqnit sahəsinin bir qədər (4 Kp) aktivləşəcəyi proqnozlaşdırılır. G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

Elm və təhsil 2023-02-06 17:33:00