×
A
A
A
Sazlamalar

Çinar taxtabitinin ekspress risk təhlili aparılıb

Bakı, 3 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən çinar taxtabitinin ekspress risk təhlili aparılıb. Təhlilin nəticələrinə əsasən, dünyanın bir sıra ölkələrində bitkilərə ciddi ziyan vuran zərərvericinin ölkəmizə daxil olmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.
Belə ki, vətəni Şimali Amerika materiki hesab edilən çinar taxtabitisinə ilk dəfə Amerika Birləşmiş Ştatları və Kanadada rast gəlinib və 1900-cü ildə çinar ağaclarının zərərvericisi kimi tanınıb. Çinar taxtabiti Avropada ilk dəfə 1964-cü ildə İtaliyanın Padova şəhərində, 1975-ci ildə isə Xorvatiya və Slovakiyada aşkarlanıb. Türkiyədə ilk dəfə 2007-ci ildə aşkar edilən həmin zərərvericiyə 2009-cu ildə ölkənin Tekirdağ, 2011-ci ildə Trabzon, 2014-cü ildə Kastamonu bölgələrində rast gəlinib. Çinar taxtabiti 1997-ci ildə Rusiyanın Krasnodar, 2000-2001-ci illərdə Soçi şəhərində aşkarlanıb. Ölkəmizdə çinar taxtabitinin xəstəliyi 2007-ci ildə karantin tətbiq olunan zərərli orqanizmlərin siyahısına daxil edilsə də, respublikamızda onun aşkarlanması ilə əlaqədar rəsmi məlumat qeydə alınmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamenti tərəfindən aparılan risk təhlilinin materiallarında məlumat verilir.
Çinar taxtabitisinə əsasən qərb çinarı, adi göyrüş, ağcaqayın, London çinar ağacı və Şərq çinarı bitkilərində rast gəlinir. Eyni zamanda, Şimali Amerika materikində qoz ağaclarında da həmin zərərverici aşkar olunub.
Çinar taxtabiti dünyada 250-dən çox cins və təxminən 2025 növü əhatə edən kiçik və orta ölçülü həşəratlardan ibarət olan Tingidae fəsiləsinə aiddir. Zərərvericinin yumurtası armudvari formada olub, uzunluğu təxminən 0,5 millimetr, eni 0,16-0,18 millimetrdir. Yumurtaların rəngi qara, uc hissəsi isə solğun-ağımtıl olur. İlk yumurtalar təxminən may ayında qoyulur. Hər dişi fərd əksər hallarda 80-160, bəzən isə 350-yə qədər yumurta qoyur. Adətən yumurtalar topa şəklində, bitkilərin yarpaqlarının alt səthinə qoyulur.
Çinar taxtabitinin nimfaları qara və ya açıq-qəhvəyi rəngdə, onların bədənlərində isə tikancıqlar olur. Zərərvericinin yetkin fərdlərinin uzunluğu təxminən 3 millimetr, eni 2 millimetrdir. Bu fərdlər böyük, şəffaf, torabənzər qanadlarla örtülmüş kiçik, yastı, ağımtıl, qoxulu həşəratlardır. Onların qanadları təxminən 3,3-3,7 millimetr uzunluğundadır və ağımtıldır. Ventral səth isə açıq-qəhvəyi rəngdədir.
Çinar taxtabiti bitkinin gövdəsinin qabığının və yarpaq qalıqlarının altında qışlayır, -24 dərəcə C-yə qədər soyuqda yaşaya bilir. Bəzi məlumatlarda isə onların -3 dərəcə C-ə qədər aşağı temperaturda qışlaya bildiyi qeyd edilir. Nimfalar təxminən üç həftə sonra, optimal temperaturda hətta on beş gün ərzində əmələ gəlir. Zərərvericinin yumurtadan yetkin fərdə qədər inkişafı təxminən 35 gün davam edir. Həmin müddətin 15 günü yumurta formasının, 3 günü birinci dövr və ya mərhələnin, 3 günü ikinci mərhələnin, 4 günü üçüncü mərhələnin, 5 gün dördüncü dövrün, 5 gün beşinci dövrün payına düşür.
Zərərverici bitkinin yarpaqlarının alt tərəfi ilə qidalanır və əsasən da xloroplast olmaqla, sitoplazmanı sorduğuna görə, ağac qida çatışmazlığı nəticəsində məhv olur. Çinar taxtabitinin həm yetkin fərdləri, həm də nimfaları bitkinin yarpaqlarının alt tərəfində qidalansa da, ən çox zədələnmə yuxarı səthdə olur. Aşağı səthdə onun mövcudluğu əslində qurumuş qara ləkələrlə təsdiqlənir. Bununla belə, yuxarı səthdə zərər daha aydın görünür, yarpaqlarda ağ ləkələr müşahidə olunur. Daha sonra isə xlorotik rəngsizləşmə və qaralma baş verir. Zərərvericinin yaratdığı ləkələr (yaralar) səbəbindən bitkinin tənəffüsü və fotosintezi zəifləyir ki, bunun nəticəsində də sirayətlənmiş yarpaqlar vaxtından əvvəl tökülür.
Zərərvericinin yetkin fərdləri yavaş hərəkət edir. Çinar taxtabiti bitkilər tərəfindən il boyu daşına bilər. Zərərverici əsasən taxta qablaşdırma materiallarının daşınması zamanı yayılır. Güclü sirayətlənmə çox vaxt təbii şəraitdə deyil, nəqliyyat vasitələri, külək, həmçinin insanlar vasitəsilə (paltarlara yapışmaqla) baş verir.
Bütün bunları nəzərə alaraq, yeni populyasiyanın ölkəmizə daxil olmasının qarşısını almaq məqsədilə qonşu dövlətlərlə sərhəd keçid məntəqələrində və həmsərhəd ərazilərdə fitosanitar nəzarətin gücləndirilməsi mütləqdir. Eyni zamanda, əkin materialları zərərli orqanizmlərdən azad zonalardan gətirilməli, həmçinin azad istehsal yeri və ya azad istehsal sahələrində istehsal olunmalıdır.

Ekologiya 2023-02-03 11:36:00