×
A
A
A
Sazlamalar

Ekspert: Orta Dəhlizin effektiv fəaliyyəti üçün dövlətlər öz nəqliyyat infrastrukturunu inkişaf etdirməlidir

Bakı, 31 yanvar, AZƏRTAC

Orta Dəhliz Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının çatırılmasına xidmət edir. Bu dəhlizlə hərəkət edən qatar yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır. Orta Dəhliz vasitəsilə daşınmalar ənənəvi yola müqayisədə 3 həftə tez çatdırılır. Ənənəvi yolla Çindən Avropaya daşınmalar dəniz nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Bu, daha çox vaxt itkisinə səbəb olurdu. Orta Dəhliz isə vaxta qənaət etməyə və daşımaların daha qısa müddətə çatdırılmasına imkan verir. Qısa müddətə olması isə təbii ki, xərcləri də aşağı salır. Orta Dəhliz vasitəsilə həm vaxta, həm də xərclərə qənaət edilmiş olur.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
Ekspert bildirib ki, Orta Dəhliz quru və su yollarından keçdiyi üçün və mürəkkəb yükdaşıma yolu olduğuna görə burada iştirak edən bütün ölkələrin infrastrukturunun bu tələblərə cavab verməsi mütləqdir. Bu ölkələrin quru sərhədlərini keçən zaman hər birindən ayrıca şərtlər tələb olunduğuna görə, tranzit şərtlərin güzəşti ilə bağlı razılıq lazımdır. Orta Dəhlizin tam işə düşməsi üçün bu ölkələrdən keçən dəmiryolu, dəniz limanlarının hər birinin yükgötürmə tutumu olmalıdır ki, yükləri ötürə bilsin.
O vurğulayıb ki, Orta Dəhlizdə Azərbaycan əsas ölkələrdən biridir: “Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 2022-ci ildə Azərbaycanın tranzit yükdaşımaları 75 faiz çoxalıb. Böyük investisiyalar qoyulmasına baxmayaraq, Orta Dəhlizdə yükdaşıma çoxaldıqca Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının həcminin genişləndirilməsinə də ehtiyac yaranır. Hazırda limanın yükaşırma qabiliyyəti 15 milyon tondur, 25 milyon tona qədər artırılması gözlənilir. Orta Dəhlizin digər bir elementi isə Zəngəzur dəhlizidir. Bu dəhlizin işə salınması bir neçə ildir ləngiyir. Hələlik Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə olunur. Bu yolun yükgötürmə qabiliyyətinin artırılması üçün cari ildə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Azərbaycanın da Orta Dəhlizin effektiv işləməsi istiqamətində həyata keçirməli olduğu işlər var. Hazırda bu işlərlə intensiv məşğul olunur və vəsaitlər ayrılır”.
“Orta Dəhlizdə iştirak edən ölkələrə razılaşdırılmış, güzəştli vahid idarəetmə sistemi olan tranzit imkanlarının təklif edilməsi lazımdır. Məsələn, yük hər hansı ölkəyə daxil olduqda ayrı şərtlər tələb edilməsin və hər bir ölkə əlavə şərt qoyaraq Orta Dəhlizin effektivliyini aşağı salmasın. Yəni, Orta Dəhlizin effektiv fəaliyyət göstərməsi üçün dövlətlərin öz nəqliyyat infrastrukturunu inkişaf etdirməsi, yükgötürmə qabiliyyətlərinin artırılması lazımdır. Həmçinin idarəetmə sisteminin və tələb olunan şərtlərin güzəştli şəkildə müəyyənləşdirilib, eyniləşdirilməsi vacibdir”, - deyə Xalid Kərimli bildirib.

Nəqliyyat 2023-01-31 15:50:00