×
A
A
A
Sazlamalar

“Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişiklər edilir

Bakı, 27 yanvar, AZƏRTAC

Milli Məclis Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərinə əsasən “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində dəyişikliklər nəzərdə tutur. Belə ki, Qanunun adına “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri də əlavə edilir.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yanvarın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Təklif edilən dəyişikliklərə əsasən “Fövqəladə vəziyyət haqqında” Qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir.
Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində dərc edilməlidir.
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır.
Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya fəaliyyət göstərir.
Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi vəzifəsi sözügedən komissiyanın səlahiyyətlərinə daxildir.

 

Daxili siyasət 2023-01-27 12:42:00