×
A
A
A
Sazlamalar

Xarici İşlər Nazirliyi BMT-nin Əhali Fondunu qərəzsiz olmağa çağırıb

Bakı, 25 yanvar, AZƏRTAC

Laçın yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə tətbiq edilmir və guya etirazların bölgədə “humanitar fəlakət” yaratdığı barədə iddialar əsassızdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar bəyanatına dair şərhində yer alıb.
Bildirilib ki, etirazlar başlayan gündən yoldan istifadə etməklə 1000-dən çox nəqliyyat vasitəsi ilə sakinlərin istifadəsi üçün gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlər təmin olunub. Azərbaycan hökuməti, həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni sakinlərin “liderləri” kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməkdə davam edir və onların hərəkət azadlığına mane olurlar.
“Qeyd edilənlərlə əlaqədar, BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq”, - deyə XİN-in açıqlamasında qeyd olunub.

Xarici siyasət 2023-01-25 16:08:33