×
A
A
A
Sazlamalar

Komitə sədri: Urmiya gölü məqsədli şəkildə qurudulur

Bakı, 23 yanvar, AZƏRTAC

Asiyanın böyük göllərindən biri olan Urmiya gölü son 20 ildə ekoloji terrora məruz qalır, qurudulur. Təəssüf ki, bu illər ərzində gölün su ehtiyatı 31 milyard kubmetrdən 2,9 milyard kubmetrə qədər azalıb. Ümumiyyətlə, su hövzələrində qurumalar bir neçə səbəbdən baş verə bilər. Birinci səbəb təbii proseslərdir. Lakin hesab edirəm ki, bu, təbii proses deyil. Çünki Urmiya gölü Van gölü ilə eyni arealda yerləşir. Qurumanın səbəbi təbii proseslər olsa idi, bu, Van gölünə də təsir etməli idi. Halbuki həmin göldə belə bir proses müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Komitə sədrinin sözlərinə görə, son 20 ildə Urmiya gölünə tökülən çaylar üzərində 70-dən çox su anbarı tikilib. Su anbarlarda yığıldığından gölə gəlib çatmır. Bu da onun qurumasına səbəb olur: “Urmiya gölü duzluluğuna görə dünyada üçüncü ən böyük göldür. Həmin göldə əmələ gələn qalın duz qatı çovğunda, küləkdə yayılır, ətraf ərazilərdəki torpaqları zəhərləyir. İnsanlara həm fiziki, həm də mənəvi ziyan verdiyindən onlar həmin ərazidən köçməyə məcbur olurlar. Rəsmi məlumatlara görə, gölün ətrafında 40-dan çox kənd boşaldılıb ki, bunların da əksəriyyəti azərbaycanlılar yaşayan kəndlərdir. Buradan belə bir nəticəyə gəlmək olar: göl məqsədli şəkildə qurudulur ki, əhali oradan köçsün.
Deputat bildirib ki, beynəlxalq təşkilatların əlində bu məsələ ilə bağlı yetərli məlumatlar olmadığından demək olar ki, nəzərəçarpacaq münasibət və reaksiya yoxdur, əksinə susqunluq hökm sürür: “BMT bununla bağlı müəyyən qədər canfəşanlıq göstərsə də, İran dövləti ekspertləri gölün olduğu əraziyə buraxmır. Təbii ki, mütəxəssislərin oradakı hadisələri görməsi, monitorinq apararaq həqiqətləri ortaya çıxarması İranın imicinə yaxşı təsir etməyəcək. İranin daxilində də Urmiya gölünün qurudulması ilə əlaqədar etirazlar müşahidə olunurdu. Müəyyən təşkilatların üzvləri, ekofəallar, tələbələr bir neçə dəfə etiraz aksiyaları keçirmişdilər. Təəssüf ki, aksiyalar fiziki təsirlər göstərilərək yatırılmışdı, hətta ölüm halları da qeydə alınmışdı.
Gölün qurudulması təkcə bir dövlətin deyil, dünyanın problemidir. Beynəlxalq təşkilatların susqunluğu isə xüsusilə təəccüb doğurur. Ermənistanın Azərbaycan ərazilərində törətdiyi barbarlığa göz yuman bir sıra təşkilatlar burada da ikili yanaşma tətbiq edirlər”.
S.Qurbanov deyib ki, 2014-2016-cı illərdə aparılan qiymətləndirməyə görə, göldə, ona tökülən çaylarda və ətraf ərazilərdə 7 növ suda-quruda yaşayan, 5 növ molyusk, 26 növ balıq, 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ quş yaşayıb: “Həmin ərazidəki biomüxtəliflik məhv olmaq üzrədir. Düşünürəm ki, alimlərimiz bu məsələni öz məqalələrində qabartmalı, həmçinin oradakı ekofəallar həm ölkəmiz, həm də digər ölkələr tərəfindən dəstəklənməlidir. Hər kəs bu məsələdə əlbir olmalıdır”.

Ekologiya 2023-01-23 16:32:00