20 Yanvar şəhidlərinin əziz xatirəsi Haaqada da ehtiramla anılıb
Haaqa, 21 yanvar, AZƏRTAC
Niderland Krallığının Haaqa şəhərində Hollanda Azərbaycan-Türk Kültür Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Hollanda Azərbaycan-Türk Kültür Assosiasiyasının rəhbəri İlhan Aşkın çıxış edərək 20 Yanvar faciəsindən söz açıb.
Bildirilib ki, ötən əsrin sonlarında Azərbaycan xalqının başladığı azadlıq, müstəqillik, dövlətçilik mübarizəsi son 35 il ərzində özünün çətin, lakin şərəfli yolunu keçərək bu gün daha əzmlə davam etməkdədir. Bu mübarizənin yaxın keçmişimizdəki ən şanlı səhifələrindən biri də 1990- cı ilin 20 Yanvar hadisələridir. Ona görə də hər il xalqımız Qanlı Yanvar gününü, sadəcə, faciə kimi deyil, həm də sovet imperiyasına qarşı apardığımız mübarizənin dönüş nöqtəsi, gələcək nəsillərə nümunə olacaq bir tarixi hadisə kimi qeyd edir. Dünyanın harasında yaşamalarından asılı olmayaraq, hər il azərbaycanlılar 20 Yanvar tarixində bir yerə toplaşaraq həmin hadisələri, azadlıq uğrunda şəhid olmuş insanların xatirəsini ehtiramla yad edirlər.
Tədbirdə nümayiş olunan 20 Yanvar faciəsi ilə bağlı sənədli filmdə imperiya güclərinin əl atdıqları hər cür vəhşilik və qəddarlığa baxmayaraq, xalqımızın azadlıq əzmini, birliyini qıra bilmədiyi əyani olaraq göstərilib.
Sonra faciə günü həlak olmuş şəhidlərin ruhuna dualar oxunub və ehsan verilib.
Mərasimdə 20 Yanvar hadisələrinin birbaşa şahidi olan insanlar, həmçinin faciəyə münasibətini bildirmək istəyənlər fikirlərini iştirakçılarla bölüşüblər. Qeyd edilib ki, bu gün təlatümlər içərisində olan dünya göstərir ki, insanlığa qarşı törədilən cinayətlərə qarşı birlikdə mübarizə aparılmalıdır.
Hollanda Azərbaycan-Türk Kültür dərnəyi tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif diasporların nümayəndələri və Niderland Krallığında yaşayan soydaşlarımız iştirak ediblər.
Sonda tədbir iştirakçıları Qanlı Yanvar hadisələri ilə bağlı fikirlərini yerli ictimaiyyətin tədbirdə iştirak edən nümayəndələri ilə bölüşüblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa
Özbəkistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı silsilə məqalələr yer alıb
Meksika mətbuatı 20 Yanvar faciəsinin 33-cü ildönümündən yazıb
20 Yanvar faciəsi ilə bağlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb