Dmitri Solonnikov: Rusiyada 20 Yanvar faciəsi ilə bağlı azərbaycanlıların ağrısını bölüşürlər
Moskva, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi hər bir azərbaycanlının ürəyində ağrı və yaradır, rusiyalılar da bu ağrını bölüşürlər.
AZƏRTAC xəbər verir ki, bunu Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov bildirib.
O deyib: “O vaxt ortaq bir ölkə, vahid bir dövlət var idi, hamımız birlikdə yaşayırdıq. İndi gənclər tankların küçələrdə dinc vətəndaşlara qarşı çıxacağını təsəvvür edə bilmirlər, lakin o zaman da bunu təsəvvür etmək mümkün deyildi”.
Politoloq vurğulayıb ki, Azərbaycan və Rusiyanın çoxəsrlik dostluq əlaqələri var. "Azərbaycan və Rusiya xalqları birlikdə dəhşətli sınaqlardan keçiblər. Bu yaxınlarda biz Leninqrad blokadasının qırılmasının 80 illiyini qeyd etmişik və bu əməliyyatı həyata keçirərkən həlak olan azərbaycanlılara qəhrəman şəhərdə abidələr ucaldılıb. Bizim üçün bu, vahid tarixdə vahid qəhrəmanlıqdır. Bu tarixdə Qara Yanvar kimi faciəli anların olacağını təsəvvür etmək mümkün deyildi", - deyə D.Solonnikov bildirib.
Politoloq qeyd edib ki, Bakıdakı Yanvar hadisələrindən sonra Sovet İttifaqı dağıldı və xalqlarımız arasında sanki çat yarandı. "Lakin Tanrıya şükürlər olsun ki, tariximizdə yeni səhifələr yazıldı. İndi Rusiya və Azərbaycan, iki qardaş dövlət, iki qardaş xalqdır, gələcəyə baxıb, bu gələcəyi birlikdə qururlar. Bizim birgə layihələrimiz də var, Rusiyada - Sankt-Peterburqda və Moskvada çoxlu sayda azərbaycanlı yaşayır, eləcə də əksinə, Azərbaycanda çoxlu sayda peterburqlu və moskvalı yaşayır. Sankt-Peterburqun son iki qubernatoru Bakı əsillidir. Keçmişi, o faciəli günləri xatırlayaraq, gələcəyə baxırıq və onu birlikdə quracağımızı bilirik", - deyə ekspert vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb