×
A
A
A
Sazlamalar

Praqanın Vatslav meydanında Ümumxalq Hüzn Günü ilə əlaqədar sərgi-aksiya keçirilib

Bakı, 20 yanvar, AZƏRTAC
Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar sərgi-aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutan sərgi-aksiyada 33 il əvvəl SSRİ-nin hərbi-siyasi rəhbərliyinin yerli və beynəlxalq hüquq normalarını pozan göstərişi ilə sovet qoşun hissələrinin Bakıda dinc sakinlərə qarşı törətdiyi kütləvi qırğını əks etdirən fotomateriallar nümayiş olunub.
Həzin Azərbaycan musiqisinin səsləndirilməsi ilə müşayiət olunan sərgi-aksiya şəhər sakinlərinin diqqətini cəlb edib.
Azərbaycan icmasının fəalları sərgi-aksiya ilə maraqlanan şəhər sakinlərinə ölkəmizin müasir tarixinin qanlı, eyni zamanda, şərəfli səhifəsi olan 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər.
Çexiya parlamentinin kitabxanasında isə Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
Çex-Azərbaycan Birliyinin sədri Eldar Vəliyevin təşəbbüsü ilə baş tutan tədbirdə parlament kitabxanasının əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan birlik sədri bildirib ki, 33 il əvvəl Bakıda törədilən amansız kütləvi qırğın Azərbaycan tarixinin qanlı, eyni zamanda, şanlı və şərəfli səhifələrindən biridir. Qeyd edib ki, başda Mixail Qorbaçov olmaqla, SSRİ rəhbərliyinin ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsinə, soydaşlarımızın Ermənistandan qovulmasına nümayiş etdirdiyi qəbuledilməz, biganə və ədalətsiz münasibət ölkəmizdə azadlıq ideyalarını daha da gücləndirib, əhalini küçə və meydanlarda etiraz mitinqlərinə çıxmağa sövq edib. Sovet hökuməti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda hərbi cinayət törətməklə Azərbaycan xalqının iradəsini sındırmağa çalışıb, amma buna nail ola bilməyib. 20 Yanvar hadisələri həm kommunist rejiminin çöküşünü sürətləndirib, həm də Azərbaycan və digər müttəfiq respublikaların müstəqillik əldə etməsinə gətirib çıxarıb.
Nəzərə çatdırılıb ki, qanlı hadisələr zamanı informasiya blokadasında olan Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyev müstəsna rol oynayıb. Bütün təhlükələrə baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirən Ulu Öndər Heydər Əliyev öz xalqı ilə həmrəy olduğunu bəyan edib və hərbi cinayətə görə sovet rəhbərliyini qətiyyətlə pisləyib.
Qeyd edilib ki, həmin dövrdə öz fotoları ilə Bakıda baş verən həqiqətləri dünya ictimaiyyətinə çatdıran Fransada yaşayan Azərbaycan əsilli fotojurnalist Reza Deqati olub. Müasir Azərbaycan tarixində baş vermiş önəmli hadisələri öz obyektivinin gözü ilə təqdim edən məşhur fotojurnalistin yaradıcılığı barədə ətraflı məlumat verilib.
Sonra R.Deqatinin “The massacre of innocents” (“Günahsızların qırğını”) və “Elegance of fire” (“Alovun zərifliyi”) kitabları parlament kitabxanasına təqdim olunub.
Tədbirin sonunda 20 Yanvar faciəsi haqqında sənədli film, R.Deqatinin həmin hadisələr barədə CNN telekanalına müsahibəsi və telekanal tərəfindən hazırlanmış süjet nümayiş etdirilib.

20 yanvar 2023-01-20 20:39:00