×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidləri qəhrəmanlıqları ilə Azərbaycanın müstəqillik iradəsini dünyaya nümayiş etdirdilər VİDEO

Ankara, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV), Türk Dünyası Parlamentarilər Fondunun və Qazi Universitetinin nəzdindəki Türk Dünyası Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans salonunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin dövlət rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, Türkiyənin hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantların, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələrinin, ictimai fəalların iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.
20 Yanvar hadisələrinə həsr edilmiş qısa filmin nümayişindən sonra çıxışları olub.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar çıxışında 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, bu hadisələr həm də Azərbaycan xalqının misilsiz qəhrəmanlığı kimi tarixə düşüb. Azərbaycan xalqı həmin təlatümlü gecədə azadlığı və müstəqilliyi yolunda qorxuya, ölüm təhlükəsinə sinə gərərək qəddar sovet imperiyasına meydan oxuyub.
Qara Yanvarla bağlı Azərbaycanda, həm də ölkəmizdən kənarda çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyünü təmin etmək arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliamdır. Bütün bu zorakılığa və qanlı cinayətə baxmayaraq Azərbaycan xalqı əzmini itirmədi, şəhidlərin qanı və canı bahasına dövlət müstəqilliyini bərpa etdi. Qanlı hadisənin təfərrüatlarından geniş bəhs edən səfir diqqətə çatdırıb ki, bu cinayətə kəskin etirazını bildirəm Ümummilli Lider Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı bu cinayəti törədənləri ağır şəkildə ittiham etməklə, xalqımızın haqq səsini dünyaya çatdırıb. Bildirilib ki, 20 Yanvar hadisələrinə məhz Ulu Öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra hüquqi qiymət verilib.
Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim 20 Yanvar şəhidlərinin öz qəhrəmanlıqları ilə Azərbaycanın müstəqillik iradəsini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Nazir müavini bildirib ki, 20 Yanvar qəhrəmanlığı 8 Noyabr - Zəfər Gününə aparan azadlıq yolunun başlanğıcıdır.
Qazi Universiteti Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Alev Kuru Çakmakoğlu, Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkan və Türk Tarix Qurumunun sədri Birol Çətin çıxışlarında 20 Yanvarı Azərbaycanın milli azadlığa aparan əzəmətli yolu olaraq səciyyələndiriblər. Bildirilib ki, 33 il əvvəl törədilən bu faciə Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq nümunəsi kimi həkk olunub.
Çıxışlarda 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə şəhidlərin ruhunun şad olduğu vurğulanıb.
Sonra 20 Yanvar şəhidlərinə həsr olunmuş "Qanlı Yanvar" fotosərgisinin açılışı keçirilib.
Mərasimin panel hissəsində keçmiş SSRİ-nin süqutu illərində baş verən proseslərə, eləcə də işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan qarşıdurmaya və bunun sonrakı ağır nəticələrinə toxunulub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

20 yanvar 2023-01-20 20:31:00

Video