×
A
A
A
Sazlamalar

20 Yanvar - Tariximizin qürurlu səhifəsi

Bakı, 20 yanvar, AZƏRTAC

33 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan igid oğul və qızlarımız canlarını Vətən yolunda qurban verərək şəhidlik zirvəsinə ucalıblar. 1990-cı ilin Qanlı Yanvarı Azərbaycan tarixinin həm kədərli, həm də qürurlu səhifəsidir.
Xalqımız həmin qanlı gecədə heç bir qüvvənin onun haqq səsini boğmaq iqtidarında olmadığını sübut edib. Çox böyük və ağır itkilərlə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin ölkəmizə qarşı yürütdüyü məkrli siyasətə qarşı çıxan Azərbaycan xalqının dönməz iradəsini, sarsılmaz ruhunu nümayiş etdirdi. Məhz 20 Yanvar hadisələri ilə ölkəmizdə milli azadlıq hərəkatı daha da yüksələrək Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli qırğın hadisəsinin məhz Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, müstəqillik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıdığını bildirən R.Abbasov 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının özünü millət olaraq tanıdığını, dərk etdiyini vurğulayıb. Qeyd edib ki, həmin müdhiş gecədə 147 insan qətlə yetirilib, 744 nəfər ağır yaralanıb.
“Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə qarşı məhz Ulu Öndər Heydər Əliyev ilk olaraq etiraz səsini ucaldıb. Xalqımız üçün çox ağır olan həmin günlərdə Ümummilli Lider Heydər Əliyev bu qanlı hadisəni qətiyyətlə pisləyib, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan edib. Hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli Lider Heydər Əliyevin sayəsində alıb”, - R.Abbasov əlavə edib.
Bildirib ki, bu gün - 20 Yanvar faciəsinin 33-cü ildönümündə azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladlarının xatirəsi böyük ehtiramla anılır. Əvvəlki illərdə şəhidlərimizin xatirəsini yad edərkən onların qisasını alacağımıza hər zaman özümüzə söz verirdiksə, son iki ildə qürur hissi ilə deyə bilirik ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın qanını yerdə qoymadıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad edib. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin qanı ilə qazanılmış bu böyük Zəfər ilə 20 Yanvar şəhidlərinin də ruhları şaddır. Azərbaycan xalqı adını dünya tarixinə müzəffər, qalib xalq kimi yazdırıb. Bugünkü müstəqil, müasir, güclü Azərbaycanın dünya ölkələri arasında nüfuzu ilə hər birimiz fəxr edir, qürur duyuruq.

20 yanvar 2023-01-20 19:28:00