×
A
A
A
Sazlamalar

Serbiyada keçirilmiş tədbirdə 20 Yanvar faciəsinin motivləri barədə iştirakçılara məlumat verilib

Belqrad, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Serbiyadakı səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri, Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Mədəniyyət və Dil Mərkəzi və “AzVirt” şirkətinin rəhbər şəxsləri, həmçinin digər əməkdaşları iştirak ediblər.
Səfir Kamil Xasiyev iştirakçılara 20 Yanvar faciəsinin motivləri, məqsədi və nəticələri haqqında, həmçinin müstəqil Azərbaycanın formalaşmasındakı rolu barədə geniş məlumat verib. Səfir qeyd edib ki, dövlətimizə qarşı daim xain planlar hazırlayan qüvvələr 1990-cı ildə xalqımızın misli görünməmiş həmrəylik və birlik nümayiş etdirməsi nəticəsində böyük uğursuzluğa düçar oldular. Həmin düşmənlərə qarşı ikinci belə cavabı xalqımız məhz 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirdi.
Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatı oxunub və bu müqəddəs mübarizədə canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

20 yanvar 2023-01-20 18:27:00