×
A
A
A
Sazlamalar

Hadisə şahidi: Şəhidlərin sayını gizlətmək üçün faciə qurbanlarını kütləvi dəfn etməyi tələb edirdilər

Bakı, 20 yanvar, Göyçək Mahmudlu, Gülay Nəzərova, AZƏRTAC

Bu gün tariximizin qanlı və şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 33-cü ildönümüdür. 70 il hökmranlıq edən sovet rejiminin devrilməsinin başlanğıcı məhz bu gün qoyuldu. O gün paytaxt küçələri azadlıq aşiqlərinin qanı ilə al qırmızı rəngə boyandı. Həmin məşum gecədə dünya tankların qarşısında əzmlə dayanan, sinəsini güllələrə sipər edən bir xalqın qəhrəmanlığı və oyanışına şahidlik etdi. Yüzlərlə azərbaycanlı o gecə canları, qanları hesabına müstəqilliyimizin bünövrəsini qoydu. Qədirbilən xalqımız azadlığımızın memarlarını unutmur, hər il onların məzarları gül-çiçək yağışına qərq olur. Bu il də yanvarın 20-də Şəhidlər xiyabanı minlərlə vətəndaşın üz tutduğu yeganə məkana çevrildi. Ziyarətçilər arasında hadisə şahidi texniki fənlər üzrə fəlsəfə doktoru, alim İslam Göyüşov da var. Otuz üç il əvvəl şəhidlərimizin adına layiq formada dəfn olunmasında xüsusi xidmətləri olan paytaxt sakini AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "O zaman şəhidlərimizi dəfn edən “Bərpaçı” Baş İdarəsinin baş mühəndisi idim. Şəhidlər xiyabanının yerini də mən seçdim".
İ.Göyüşov o dəhşətli gecədə baş verənləri belə xatırlayır: " Hələ həmin hadisələrdən əvvəl bir çox idarə və təşkilatlar işləmirdilər. Yalnız növbətçilər işləyirdi. İdarəmizə 23 təşkilat tabe idi. Yanvarın 20-də mənim növbəm idi. Gecə növbədə olacağım üçün yemək üçün 7-ci mikrorayona getdim. Geri gələndə saat 12-yə işləyirdi. Küçələrdən silah səsləri eşidilirdi. Ayna Sultanova heykəli tərəfə gələndə insanların küçədə o yan bu yana qaçdığını gördüm. Bir nəfər mənə yaxınlaşıb dedi ki, irəli getmə sovet ordusu qarşısına çıxanı güllələyir. Geri qayıtdım. Səhər Tbilisi prospekti ilə gələndə yolların meyitlərlə dolu olduğunu gördüm. İdarəyə gəlib növbətçiləri yoxladım. Onlara cavabdeh idim deyə başlarına nəsə gəlsə cavab verməli olacaqdım. Hamısının salamat olduğunu görəndə ürəyim rahatlandı. Həmin gün indiki Prezident Administrasiyasının binasının qarşısında mitinq gedirdi.
Şəhidlərin harada və necə dəfn olunacağı sual altında idi. Dəfn yerini o vaxtkı Dağüstü park adlanan ərazini seçdik. 45 gün davam edən dəfn proseslərinə rəhbərlik etdim. Xiyabanın girişində tribuna hazırlatdım və üç nəfəri orada növbətçi təyin etdik. Dəfn zamanı ilk üç gün sovet ordusunun əsgərləri başımıza oyunlar açırdılar. Bizi döyürdülər, təhqir edirdilər. Şəhidlərin sayını gizlətmək üçün bizi məcbur edirdilər ki, faciə qurbanlarını kütləvi dəfn edək, yəni bir məzarda bir neçə nəfər basdırılsın. Ən pisi isə hazırkı yerdə dəfnə də imkan vermirdilər. Gözdən kənar yerdə dəfn etməyimiz üçün məkanlar təklif edirdilər. Buna etiraz etdim, qəbirlərin qazıldığını bildirdim. Onlara dedim ki, şəhid olanların əksəriyyəti müsəlmandır və tək-tək dəfn olunmalıdırlar. Üç gündən sonra əsgərlər getdi və biz dəfn işlərinə başladıq. Şəhidlərimiz gətirildikcə bir-bir dəfn edirdik. Qanlı Yanvar gecəsi ağır yaralananlardan bir neçəsi günlər sonra vəfat etdi.
O zaman mənə təsir edən məqamlardan biri də Fərizə Allahverdiyevanın həyat yoldaşı İlhamın şəhid olduğu xəbərindən sonra intihar etməsi idi. Fərizənin məzarı yeddinci yerdə idi. Lakin onu həyat yoldaşından ayırmayaraq İlhamla yan-yana dəfn etdik".
Hadisə şahidinin sözlərinə görə, o zaman şəhidlərin dəfni və məkan seçilməsi prosesini sovet rejiminin istədiyi kimi etmədiyinə görə idarəyə cinayət işi belə açılıb: "Mənimlə idarə müdirinə güllələnmək cəzası, növbəyə qoyduğumuz üç nəfərin hər birinə isə 15 il həbs cəzası təyin olunmuşdu. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra həmin cinayət işlərinə xitam verildi. O, çıxışlarının birində şəhidlər üçün seçilən yerə və onların layiqincə dəfninə görə minnətdarlığını bildirdi".
İ.Göyüşov qeyd edib ki, hadisədən sonra xalqımız daha da qorxmaz oldu, hər kəs küçələrə axışır mitinqlər edirdi: "Heç bir qüvvə xalqın içindəki azadlıq sevdasını boğa bilmədi. Başımıza gətirilənlər bizi yolumuzdan döndərmədi, əksinə daha da hiddətləndik, meydanlarda sayımız çoxaldı. Son nəticədə sovet rejiminin əsarətindən qurtularaq müstəqilliyimizə qovuşduq. Biz bu xiyabanda uyuyan vətəndaşlarımıza ömrümüzün sonuna kimi borcluyuq. Onların əzmkarlığı sayəsində biz azad, suveren ölkədə yaşayırıq. Hər il şəhidlərimizi ziyarət etməyi özümə borc bilirəm. Onlara vəfa borcumu o dövrdə az da olsa ödəyə bildiyimə görə vicdanım rahatdır. Allah onların hər birinə rəhmət eləsin".

20 yanvar 2023-01-20 16:10:00