×
A
A
A
Sazlamalar

Səfir: Srebrenitsa soyqırımının bütün xüsusiyyətlərini Xocalının acı taleyində görmək mümkündür

Sarayevo, 19 yanvar, AZƏRTAC

Srebrenitsa qətliamının cinayət hadisələrini soyqırımı kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevin Srebrenitsa şəhərinə səfəri çərçivəsində Srebrenitsa və Jepa anklavlarının Anaları Hərəkatının prezidenti Munira Subaşiç və QHT-nin nümayəndələri ilə keçirdiyi görüşündə səsləndirilib. V.Quliyev qarşı tərəfi keçmiş “Dağlıq Qarabağ münaqişəsi”, İkinci Qarabağ savaşı və onun ağır nəticələri, eləcə də Xocalı soyqırımı barədə ətraflı məlumatlandırıb.
Səfir vurğulayıb ki, Srebrenitsa qətliamının cinayət hadisələrini soyqırımı kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və terrorçu dəstələri tərəfindən Xocalıda bir neçə saat ərzində etnik mənşəyinə görə dinc əhali xüsusi qəddarlıqla öldürülüb, Xocalı şəhəri yer üzündən tamamilə silinib. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanıdılması istiqamətində işlərin davam etdirildiyini də diqqətə çatdırıb.
Munira Subaşiç isə 1995-ci ildə bosniyalılara qarşı soyqırımı törədildiyini, bu səbəbdən Azərbaycan xalqının acı taleyini yaxşı başa düşdüyünü və dərdimizə şərik olduğunu qeyd edib. O bildirib ki, Srebrenitsada da üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Günahkarlar cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib.
Xocalı soyqırımının da dünya ictimaiyyəti tərəfindən tanınacağına inamını ifadə edən M.Subaşiç bunun üçün köməklərini əsirgəməyəcəklərini diqqətə çatdırıb.
Görüşdən sonra V.Quliyev Srebrenitsa qurbanlarının qəbiristanlığında qətliamda şəhid olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub. Səfir Srebrenitsaya səfəri çərçivəsində Srebrenitsa-Potoçari Memorial Mərkəzinin direktoru Emir Sulyagiçla görüşüb, memorial mərkəzdə qətliam qurbanlarına həsr edilmiş sərgini ziyarət edib. Sərgidə soyqırımı qurbanlarının əşyaları ilə yanaşı, sağ qalanların xatirə hekayələri yer alır.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Xocalı faciəsi 2023-01-19 21:03:00