×
A
A
A
Sazlamalar

Milli birlik və vətənpərvərliyin simvolu - Qanlı Yanvar

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə gül dəstələri qoyub və ruhlarına dualar oxuyublar.
Daha sonra institutda anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Baş direktor akademik İradə Hüseynova Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildirib. Akademik qeyd edib ki, otuz üç il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir”. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclis 1994-cü il mart ayında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun icraçı direktoru dosent Ələmdar Məmmədov və Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Zərintac Rüstəmova çıxış ediblər. Qeyd olunub ki, dünyada hər bir azərbaycanlı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş Qanlı Yanvar faciəsini xatırlamalı və həmin gün canlarından keçənlərin xatirəsini yad etməlidir. Bu millətimiz üçün çox vacibdir. Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub və bu hadisə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi yolunda atdığı ən böyük addım idi.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

20 yanvar 2023-01-19 15:01:00