×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi qan yaddaşımızdır

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda konfrans keçirilib.
AZƏRTAC Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, konfransda Baş İdarənin rəhbərliyi, AMEA-nın əməkdaşları və gənclər iştirak ediblər.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.
Baş İdarənin rəisi Raqif Abbasov tədbirdə çıxış edərək 20 Yanvar faciəsinin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığı xalqımızın hər zaman xatırlayacağını qeyd edib. O, gənclərin 20 Yanvar hadisələrini daha dərindən öyrənməli olduqlarını bildirib.
Diqqətə çatdırılıb ki, bu ağır günlərdə xalqını tək qoymayan Ümummilli Lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, ovaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.
Bildirilib ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. Hazırda Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun layiqli şəkildə davam etdirilməsindən bəhs edən çıxışçılar Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü sayəsində qazanılan tarixi Zəfərdən sonra bütün şəhidlərin ruhunun şad olduğunu vurğulayıblar.

20 yanvar 2023-01-19 15:04:00