×
A
A
A
Sazlamalar

20 Yanvar - milli azadlıq hərəkatının zirvəsi

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının nəticəsi olub. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı qaçqın düşdü. Bu hadisəyə, eləcə də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə etiraz edən əliyalın xalqın üstünə SSRİ rəhbərliyi qoşun yeritdi. Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlar törədildi.
Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova deyib. O qeyd edib ki, 20 Yanvar qırğınlarından sonra xalq vahimə içində idi. Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi. Əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İmperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.
Qanlı Yanvar Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

 

20 yanvar 2023-01-19 14:54:00