×
A
A
A
Sazlamalar

Berlində Qara Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Berlin, 19 yanvar, AZƏRTAC

Berlində Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir təşkil olunub. Qara Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 1990-cı il yanvarın 20-si ərəfəsində ölkəmizdə gedən ictimai-siyasi proseslərə nəzər salıb. N.Ağayev Ermənistanda yaşayan azərbaycanlılara qarşı 1987-ci ildən başlayaraq törədilən etnik təmizləmə siyasətindən, Azərbaycana qarşı qaldırılan ərazi iddialarından, habelə ozamankı sovet rəhbərliyinin ölkəmizə qarşı ədalətsiz siyasətindən bəhs edib. Bütün bunların azərbaycanlıların azadlıq arzusunu gücləndirdiyini bildirən səfir sovet qoşunlarının ölkəmizə müdaxiləsinin, habelə 19-20 yanvar tarixlərində mülki əhaliyə qarşı törədilən qətliamın xalqımızın müstəqilliyə qovuşmaq iradəsini qıra bilmədiyini vurğulayıb. Səfir, həmçinin Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin səhəri günü xalqla birlik nümayiş etdirdiyini, xalqımıza qarşı törədilən bu cinayəti qətiyyətlə pislədiyini diqqətə çatdırıb.
Azərbaycan-Almaniya Forumunun idarə heyətinin üzvü Samirə Patser-İsmayılova isə Qara Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında buraxdığı dərin izlərdən danışıb. O, müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini vurğulayıb.
Tədbir çərçivəsində keçirilmiş konsertdə Almaniyada fəaliyyət göstərən pianoçu Məsumə Dadaşovanın ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının musiqi əsərləri səsləndirilib. Həmçinin faciəyə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

20 yanvar 2023-01-19 13:00:00

Video