×
A
A
A
Sazlamalar

Adjara.PS: Azərbaycanlıların qanlı faciəsindən 33 il ötür

Tbilisi, 19 yanvar, AZƏRTAC
Acarıstan Muxtar Respublikasında yayımlanan və geniş oxucu kütləsinə malik Adjara P.S portalında 20 Yanvar faciəsi ilə bağlı “Azərbaycanlıların qanlı faciəsindən 33 il ötür” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə dərc olunan məqalədə Qanlı Yanvar faciəsinin başvermə səbəbləri, acı nəticələri, eləcə də Azərbaycan xalqının müstəqillik uğurundakı mübarizəsindəki rolu barədə ətraflı məlumat verilir.
Bildirilir ki, Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 120-dən çox insan qətlə yetirildi və 700-dən artıq vətəndaş yaralandı.
Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, Qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.
Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin, Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Yazıda vurğulanır ki, Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.
Məqalədə bildirilir ki, Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2023-01-19 12:11:00