×
A
A
A
Sazlamalar

Şahin Rəhmanlı: 20 yanvar şəhidləri Azərbaycanın gəncliyinə məşəl olublar

Bakı, 18 yanvar, AZƏRTAC

İyirmi yanvar faciəsindən 33 il ötür. İndi biz müstəqilliyimizin bərpasının növbəti - 32-ci ilinin astanasında şəhidlərimizi ehtiramla anırıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıda və digər şəhərlərimizdə yüzlərlə həmvətənimizi amansız şəkildə qətlə yetirdi. Həmin dövrdə SSRİ rəhbərliyinin təşkil etdiyi informasiya blokadası Azərbaycanda faciəni daha da dərinləşdirmişdi. Əlavə olaraq Qərb ölkələrindəki erməni diasporu da hadisələri qərəzli göstərirdi. Sovet ordusunun sərt müdaxiləsi Azərbaycan xalqında böyük əks-səda doğurdu. Bu sıxışdırılmaya etiraz edən azərbaycanlıları cəzalandırmaqla yanaşı, həm də artan millətçi hərəkatları və müstəqilliyə cəhd edə biləcək istənilən sovet respublikası üçün dərs idi. Lakin bu taktika digər sovet respublikalarında olduğu kimi, sovet hakimiyyəti altında Azərbaycanda da millətçilik hərəkatını və müstəqillik tələbini alovlandırdı. Azərbaycan xalqının Sovet hakimiyyətini kütləvi şəkildə rədd etməsinə səbəb oldu və Sovet İttifaqının dağılmasını sürətləndirdi. Vətənimizin şərəf və qürurunu qoruyan, şücaət və qəhrəmanlıq abidəsi olan həmvətənlərimizin qanı axıdıldı.
Bunu AZƏRTAC-a müsahibəsindən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
“Ölkəmiz 20 yanvar günü 150 şəhid verdi, yaralıların sayı isə 700-dən çox idi. Xüsusi qeyd etmək lazımdır ki, vəziyyətin ağır olduğu o günlər Ümummilli Lider Heydər Əliyev SSRİ xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında olmasına, özü və ailə üzvlərinin həyatına ciddi təhlükələrə baxmayaraq, 1990-cı ilin yanvarın 21-də Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinin binasında sovet və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi və Bakıda törədilmiş qırğın haqqında informasiya blokadasını yaran ilk şəxs oldu. O həm də erməni propaqandasını fiaskoya uğratdı. Bu hadisə onu və ailə üzvlərini hansı təhlükələrin gözlədiyini aydın dərk edən, ölkəsi və xalqının taleyini özünün həyatından üstün tutan əsl siyasi liderin göstərdiyi böyük cəsarət örnəyidir. O bunu canından çox sevdiyi Azərbaycan, onun müstəqilliyi, gələcəyinin sütunu olan gənclər üçün etmişdi”, - deyə o bildirib.
“İrəli” İctimai Birliyinin sədri vurğulayıb ki, indiki gənclər 20 yanvar faciəsinin canlı şahidi olmayıblar, lakin dövlət gənclər siyasətinin müddəalarına uyğun olaraq hər il ardıcıl keçirilən tədbirlər, KİV-lərdə yayımlanan məlumatlar, valideynlərin övladlarına hadisələri nəql etməsi sayəsində onlar qan yaddaşımızın əsl mənasını dərk edirlər. Bu gün müstəqilliyimizin bir hədiyyə olmadığını, onun daim qorunub-saxlanılmasının vacibliyini gənclərimiz çox yaxşı bilir. Elə bunun nəticəsi idi ki, gənclərimiz 44 günlük müharibədə əsası gənclərdən təşkil olunan ordumuzun hər bir üzvü şəhidlərimizdən ilham alaraq qorxmadan, çəkinmədən şəhadətə yüyürdülər. Otuz il sonra 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbə 20 yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Hazırda hər zaman olduğundan daha çox Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və milli qürurumuz xalqımız, xüsusilə də gənclərimiz üçün hər şeydən daha vacibdir. Biz bütün bu dəyərlərin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi üçün and içmiş gənclərik. Ona görə də, bu gün gənclərimiz ölkəmizin müstəqilliyinə qarşı yarana biləcək istənilən təhlükəyə qarşı hazırlıqlıdır və güclü siyasi liderin ətrafında birləşib. Bu gənclik gələcəyə ümidlə, inamla baxmaqla yanaşı keçmişini də unutmur. Azərbaycanın gəncliyinə və gələcəyinə, vətənpərvərlik eşqinə və qəhrəmanlıq tarixinə məşəl olan 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, onları xatırlamaq hər birimizin borcudur.
“Şübhə yoxdur ki, 20 yanvar xalqımızın müstəqillik sevdasını alovlandıraraq bu yolda daha da inamla addımlamaq üçün bizə rəvac verdi. Bu gün biz gənclər Vətənini, millətini sevən, azadlığına düşkün həmvətənlərimizə, şəhidlərimizə heyranlığımızı gizlədə bilmirik. Həsrətində olduğumuz azadlıq və yaşatdığınız qürur üçün sizə təşəkkür edirik. Azərbaycan, xalqımız və gəncliyimiz var olduqca şəhidlərimizi hər zaman xatırlayacaq”, - deyə Şahin Rəhmanlı əlavə edib.

Cəmiyyət 2023-01-18 20:28:00